Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Bizim geyimlə bağlı mentalitetimiz buna imkan vermir!” - MÜSAHİBƏ
Bakının "Lokomotiv” klubunun voleybolçusu Nərmin Fərəcova Sportfm.az saytına voleybola gəlişindən, bu idman növünün çətinliklərindən, gələcək planlarından danışıb."Dəmiryolçular”ın aparıcı üzvünün sözlərinə görə voleybola həvəs onda uşaq yaşlarından yaranıb. Məktəbdə dərslərin çoxluğu belə, 18 yaşlı Nərminin bu idman növünə olan həvəsini azaltmayıb. 6 yaşından voleybolla məşğul olan Fərəcova çəkdiyi əziyyətin bəhrəsini görüb. O, "Lokomotiv”in və yığmamızın üzvüdür. Söhbətə ənənəvi olaraq idmana gəlişindən başladıq.
- Voleybola öz istəyinizlə gəlmisiniz yoxsa...?
- Bəli, bu mənim uşaqlıq arzum idi. Atam sərbəst güləş üzrə məşqçi olduğu üçün, kiçik yaşlarından idmana böyük marağım olub. Həmişə atamın yolunu davam etdirib, layiqli bir idmançı olmaq istəmişəm. Buna görə də sevinirəm ki, həyatımı idmana bağladım! Güləşi seçmədim, düşünürəm ki, voleybolda əladır(gülür).
- Ölkəmizdə çox valideyn öz qızını bu idman növünə vermək istəmir. Sizcə bu nə ilə bağlıdır?
- Çox güman ki, bu fikir bizim insanlarda sırf geyimlə əlaqələndirilir. Bildiyiniz kimi, voleybolçuların geyim forması əsasən şort və futbolkadan ibarət olur. Düşünürəm ki, mentalitetlə bağlı olan bu kimi səbəblərdən bir çox valideynlər qızlarını voleyboldan uzaq tutur.
Bizim geyimlə bağlı mentalitetimiz buna imkan vermir, voleybolun inkişafının qarşısını alır. Lakin bu çox yanlış formalaşmış bir düşüncədir. Siz təsəvvür edirsiniz, nə qədər istedadlı qız məhz geyimə görə bu idman növünü buraxıb!- Bəs gündəlik məşqlərdən, oyunlardan Nərmin xanımın özünə ayırmağa vaxtı qalırmı?
- Hal- hazırda Dərnəgüldə yerləşən məşq zalımızda yetərincə yer olmadığı üçün, gündə yalnız bir məşq keçə bilirik. Lakin, gələn mövsümdən etibarən daha çox məşq edəcəyik. Odur ki, hələ boş vaxtım var. Bir azdan vaxtımın olmayacağını bildiyim üçün, yetərincə əylənməyə, istirahət etməyə çalışıram.
- Hər bir idmançının idealı olar. Voleybolda sizin idealınız kimdir?
- Voleybolda tək idealım Valeriya Məmmədovadır! O, güclü oyunçu olmaqla yanaşı, həm də çox mehriban insan və gözəl qadındır!
- Bu idman növündən sizi hər hansı bir qüvvə ayıra bilər?
- Qətiyyən! Məni voleyboldan heç bir qüvvə ayıra bilməz! İdman artıq mənim həyatımın ayrılmaz hissəsinə çevrilib. Mən özümü voleybolsuz təsəvvür edə bilmərəm. Səhər voleybol, axşam voleybol – budur mənim həyat tərzim. Uzun illər voleybol oynamaq istəyirəm. Sonrasına baxarıq...
- Sonda isə ənənəvi suallardan birini sizə unvanlamaq istərdik. Bu idman növü ilə məşğul olanlara nə məsləhət görərdiniz?
- Bu idman növünə yeni başlayan və ya artıq məşğul olanlara məsləhətim o olardı ki, əsla öz məqsədinizdən geri dönməyin! Öz üzərinizdə işləyin, çalışın, əziyyət çəkin və uğur qazanın! Əziz valideynlərə isə demək istəyirəm ki, bu idmana həvəs göstərən qız övladlarına daima dəstək və dayaq olsunlar. Son illərdə ölkəmizdə voleybol yüksək templərlə inkişaf edir. Buna görə də, tərəddüd etmədən qız övladlarınızı voleybola yazdırın.
Mən voleybola çox kiçik yaşlarımdan başlamışam. Etiraf edirəm ki, məktəb və əyləncələr mənim üçün həmişə ikinci planda olub. Artıq 7 yaşımda yarışlarda iştirak edirdim. Məşqçim haqqında ayrıca danışmaq istəyirəm. Mənim boyum qısa olduğu üçün libero mövqeyində oynamaq qərarına gəldim. Bu qərarımda mənə ən böyük dəstəyi məşqçim Vüqar Əliyev göstərib. Bu yerlərə gəlib çıxmağımda, uğur qazanmağımda mənə çox böyük kömək edib. Buna görə məşqçimə sonsuz təşəkkürümü bildirmək istəyirəm... Oxşar xəbərlər
"İranda həyat yoldaşım 6 güllə yarası almışdı” - MÜSAHİBƏ
Tovuzda voleybol klubu fəaliyyətə başladı - FOTO
Natəvan Afşar:"Ona görə Türkiyədə yaşamağa dəyər" - ÖZƏL
“Həyəcandan ayaqlarım titrədi, səhərə kimi yata bilmədim” - MÜSAHİBƏ
Atanın futbol sevgisi: Klubun adını oğluna qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası