reklam
Vaxt keçir, siz məndən uzaqlaşırsız, mən sizə günbəgün yaxınlaşıram -
Sportfm.az xəbər saytı

Vaxt keçir, siz məndən uzaqlaşırsız, mən sizə günbəgün yaxınlaşıram -11 il onlarsız


 

Yevlax səfəri öncəsi bazaya səhər tezdən gəlmişdim. Otağa daxil olanda Alimi gördüm, təəccüblə (Sumqayıtda yaşayırdı)”Saat 6-da burda neynirsən?!”, deyə soruşdum. Cavabında bütün gecəni həyəcandan yata bilmədiyini söylədi. Həmin gün “Neftçi”nin Mətbuat Xidmətinin çiçəyi burnunda əməkdaşı Alim Malikoğlu “Karvan”la səfər matçına yollanmalı idi. Komandanın inzibatçısı Sabir müəllimlə yola çıxmalı olan Alim uşaq kimi sevinirdi. Bu ikilidən öncə Yevlaxa uça-uça yola düşən “Neftçi”nin daha bir əməkdaşı vardı. Bu, uşaqlıqdan “ağ-qaralar”ın fanatı olan, vaxtilə fan-klubun üzvü olmuş, kadrlar şöbəsində uzun illərdi çalışan Vahid Həmidov idi.  

“Neftçi”nin sadiq azarkeşi, klubun mətbuat xidmətinin operatoru Dadaş Zeynalovla səfərdə bir otaqda qalan Alim xeyli şəkil çəkmişdi. Özünün otel otağındakı güzgünün qarşısında durub çəkdiyi son şəklində çox kədərli düşmüşdü. Vahid isə oyun günü səhər tezdən otelə gələrək, komandanın futbolçuları ilə görüşmüşdü. O, bütün səfər qarşılaşmalarına yollanırdı. Hər ikisi axşam başlarına gələcəklərdən xəbərsiz idi. Fevralın 13-də soyuq hava şəraitində(Yevlaxda qar yağmışdı) baş tutan görüşdə “Neftçi” rumın futbolçu Adrian Nyaqanın vurduğu yeganə qolla qələbə qazanaraq Bakıya dönürdü. Alim və Vahid, Dadaş Zeynalovla birlikdə qarşılaşmadan sonra klubun əməkdaşı Mübariz Xudiyevin avtomobili ilə paytaxta qayıdırdı.

Ən ağır gün hesab edilən-ayın 13-ündə inanca görə qara qüvvələr, iblisin ordusu daha da fəallaşır, insanlar müxtəlif çətinliklərlə üzləşir, yollarda qəzalar baş verir. Bu dəfə bu nəs rəqəm “Neftçi” ailəsini, ölkə futbol ictimaiyyətini  hüznə boğdu. Bakı-Qazax yolu ilə geriyə dönən “Neftçi”nin 4 əməkdaşı son anda, hətta avtomobili arxa-arxaya sürərək təhlükə yaşamaq bahasına olsa da, komandanın qələbəsini Şamaxı aşırımında olan restoranların birində samovar çayı içərək qeyd etmək qərarına gəlirlər. Vaxtsız - vədəsiz gələn əcəl, sanki onları çəkib o yola aparır...Kaş həmin vaxt elə bir qüvvə olardı ki, onları bir neçə dəqiqəliyə saxlayaydı, getməyə qoymazdı...Amma sən saydığını say, gör fələk nə sayır, deyirlər. Dörd nəfər samovar çayı ilə qələbəni qeyd edib yola düşdükdən bir müddət sonra aşırımın eniş sahəsində buzlu yolda əyləci tutmayan “Hyundai” markalı avtomobil dərəyə yuvarlanır. İki övladı olan Vahid Həmidov hadisə yerindəcə faciəvi şəkildə dünyasını dəyişir, yenicə dünyaya gələn oğlunu doyunca oxşaya bilməyən Alim Malikoğlu isə ağır yaralanan Dadaş Zeynalovun qucağında can verir...

Bu hadisə 2010-cu ildə baş verib. Faciənin üzərindən 11 il keçib. Təəssüflər olsun ki, bu gün “Qarabağ”la matçdan öncə onların xatirəsini bir dəqiqəlik sükutla yad etmək unuduldu. Nə etmək olar.... Amma bu qədərini deyə biliərəm ki, ölüm bizi hər an, hər yerdə yaxalaya bilər. Uşaq, cavan, qoca bilmədən.. Odur ki, hər günümüzü sanki ömrümüzün son günüymüş kimi yaşayaq və axirətimizə hazır olaq..

 

Araz Əhmədov 

Oxşar xəbərlər

Faciədən 12 il ötür - Qanlı tarix
“Neftçi”də gözəl vaxt keçirmişdim" - Tomislav Mişura
"Neftçi"nin əməkdaşlarının ölümündən 10 il ötür
"Neftçi"nin prezidenti Kamranı polisə verdi
7 il onlarsız...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər