reklam
Dünya futbolunun Roberto Karlosu -
Sportfm.az xəbər saytı

Dünya futbolunun Roberto Karlosu -PORTRET


Bu gün dünya futbolunun son onilliklərdəki ən parlaq müdafiəçilərindən biri haqqında söhbət acacağam.

1994 - 98-ci illərdə futbolu tanımağa başlayan istənilən azarkeş Roberto Karlosun oyununa həsəd aparmaya bilməzdi əks halda bu futbol üçün qeyri-obyektiv bir yanaşma olardı. Həm milli həm də klub səviyyəsində, sol cinahın ən sürətli və etibarlı müdafiçəsi ÇL-da yüzdən çox oyun keçirmiş və ümumdünya futbol assosiyasının "FİFA 100" siyahısında yer almışdır. Futbolçu, 100 metrlik məsafəni 11 saniyədən az müddətə qət edərək adını ən sürətlilərin siyahısına yazdırmışdır.

Futbolçu ilə daha yaxından tanış olaq

Roberto Karlos da Silva Roşa 1973-cü il aprelin 10-u San-Paulu ştatının Qarsa şəhərində anadan olmuşdur. Valideynləri bu adı ona tanınmış musiqiçi Roberto Karlosun şərəfinə qomuşdurlar.
Bir çox görkəmli Braziliyalı futbolçular kimi, Roberto Karlos yoxsul bir ailədə anadan olmuşdur - atası yük maşını sürücüsü işləyir, anası isə dörd uşağa baxırdı (Roberto Karlosun üç bacısı var). Səkkiz yaşında ikən, Roberto özündən daha böyüklərdən ibarət komandada oynamağa başlayır. 8 yaşlı bir uşağın daha yaşlı kişilərlə top qovduğunu təsəvvür edə bilərsinizmi? Mən - yox. Əgər 12 yaşında və ya ən azı 10 yaşında bir uşaq olsaydı, hardasa təsəvvür etmək olardı.

Uzun müddət tanınmayan komandalarda top qovan Roberto bununla yanaşı müxtəlif zavod və fabriklərdə fəhlə olaraq çalışırdı. 15 -16 yaşlarında olarkən toxuculuq fabrikində çalışır və elə həmin fabrikin komandasında çıxış edirdi. Bu oyunların birində 18 yaşlı Robertonu "Union San-Juan" klubunun skautları görür və ona ilk peşəkar müqaviləni təklif edir.

Union San-Juan

Bu klub, San Paulunun kiçik bir vilayət komandasıdır. Roberto Karlosun gəlişindən sonra komanda Braziliya futbolunun ikinci divizionuna yüksəlir. Belə bir klubun heyətində çıxış edən müdafiəçi Braziliya millisinin futbolçusu olmağı bacarır (Robertonun milli komanda üçün debütü 22 fevral 1992-ci ildə baş tutur)! Bu əslində fantastik bir fakt idi o dövrdə təkcə Avropada üç yüzə yaxın braziliyalı futbolçu, üstəgəl Braziliyanın yüksək divizionundakı klublarda çıxış edən kifayət qədər futbolçu var idi. Bəxt? Xeyir, qətiyyən bəxt amili deyil. Robertoda gizlənmiş yüksək ambisiyanı və potensialı bir çox brazilyalı futbol mütəxəssisləri görürdü.

Palmeyras

1993-cü ildə Braziliyanın ən yaxşı klublarından birinə keçmək inanılmaz dərəcədə istedadlı futbolçunun karyerasının məntiqli davamı idi. Demək lazımdır ki, Palmeyrasla yanaşı digər aparıcı Braziliya klubları da Robertoya təkliflər göndərirdi. Buna səbəb inanılmaz sürət, futbolçunun topa olduqca güclü zərbə vurma bacarığı idi. Palmeyrasda çıxış edərkən Qremio klubuna 35 metrdən vurduğu qol nadir və fenomenal bir epizod kimi qəbul olunur və tezliklə bu növ qollar Roberto Karlosun vizit kartına çevrilir. Palmeyras ilə Braziliya çempionu və San Paulu əyalətinin iki vacib titulunu qazanan Roberto Karlos üçün Avropanı fəth etmək zamanı gəlir.

İnternazionale (İnter Milan)

Roberto Carlos "İnter" də cəmi bir mövsüm keçirir. Bu mövsüm "İnter" in tarixindəki yaxşı bir dövr deyildi - komanda zəif çıxış edir və milli çempionatda yalnız 7-ci yeri tutmağa müvəffəq olur. Ancaq baş verənlərdə Roberto Karlosun ünvanına heç bir şikayət yox idi və olada bilməzdi - dərhal əsas heyətin oyunçusu olur və müdafiəçi olaraq 34 oyuna vurulan 7 qolla yadda qalır. İnter klubu Roberto Karlosun ulduzunun avropada parlaması üçün bir keçid idi. Növbəti klub dünyanın ən tanınmış klublarından biri, kral klubu Real Madrid klubu idi.

Real Madrid

1996-cı ildə Roberto Karlos, Fabio Kapellonun dəvəti ilə Real Madrid-ə gəlir. Bu keçid, klub prezidenti Lorenzo Sansın başçılığı altında reallaşmışdı və beləliklə, braziliyalı futbolçu kluba "Qalaktikos" dövründən əvvəl gəlir. Daha sonra Roberto Karlos, Luiş Fiqu, Devid Bekhem, Zidan və Ronaldonun (brazilyalı fenomen) klub ortağı olur. Roberto Karlos kral klubunun heyətində ən çox oyun keçirən əcnəbi futbolçu kimi rekorda imza atır.
Roberto Karlos Real Madridin heyətində 370 rəsmi oyunda 47 qolla yadda qalır. Bu qolların əksəriyyəti uzun məsafədən olan "imzalı" qollar idi. Kral klubunun heyətinə 34 yaşına qədər tam olaraq formada qalmağı bacaran Roberto Karlos klubun tarixinə öz adını qızıl hərflərlə yazmağı bacarır. Göründüyü kimi, 34 yaşadək eyni formada qalmaq və ən populyar klubun əsas heyət oyunçusu olmağı hər futbolçu bacarmır.

Fənərbaxça 

Heç nə əbədi deyil və artıq elitanı tərk etməyin vaxtı çatmışdır. Kral klubunda 11 illik dahi ustad futbolçu həyatı sürən Roberto, Çelsidən və İnterdən gələn təkliflərə baxmayaraq 2007-ci ildə Türkiyənin Fənərbaxça klubuna transfer olunur. Çoxları bu keçidi "vaxt keçirmək" kimi qiymətləndirirdi. Ancaq Roberto Karlos buradada yüksək təcrübə və baxımlı oyun nümayiş etdirməyi bacarır. Roberto Karlos debüt oyununu Beşiktaşa qarşı keçirir (Türkiyə kuboku oyununda). İlk qolunu isə "Sivassporun" qapısına başla vurur. Qeyd edim ki, qısa boylu futbolçu karyerası ərzində başla cəmi 3 dəfə fərqlənə bilib. Brazilyalı veteran Fənərbaxçanın heyətində yüzə yaxın oyun keçirir və Türkiyə Super kubokunun qalibi olmağı bacarır.

Korintians

Artıq belə bir fikir formalaşırdı ki, Karlos karyerasını başa vuracaq. Ancaq bunlar yalnız bir fikir idi. Qocaman futbolçu 2010-cu ildə öz vətəninə Korintians klubuna yollanır və bunu "Libertadores" kubokunu qazanmaq istəyi ilə əlaqələndirir. Ancaq çərxi fələk tərsinə dövran edir və klub həmin yarışdan kənarlaşır. Roberto Karlos isə fanatların kütləvi tənqidindən sonra klubu tərk etmək qərarına gəlir. Səfər isə Rusiyaya idi.

Anji

KİV Anji klubunun Karlosa olan marağını deyəndə bu çox təəccüblə qarşılanırdı, hətta bir çoxları bunun yalan məlumat olduğunu deyirdi. Amma sən saydığını say, 2011-ci ildə Süleyman Kərimovun dəvəti ilə dünya şöhrətli futbolçu rusiyanın əyalət klubuna təşrif buyurur. Roberto Karlos Mahaçqalada tam bir mövsüm keçirir və maaşı bir ilə €6,5 mln. təşkil edir. Klubun sahibi, Süleyman Kərimov brazilyalı futbolçuya "Bugatti Veyron" markalı avtomobildə hədiyyə edir.

Roberto Karlos Anjidə tam məsuliyyətlə çalışır və yüksək performans göstərirdi. Onun təsiri altına düşən digər futbolçularda məşqlərə daha çox məsuliyyətlə yanaşmağa başlayırdı.

Təəssüf ki, Rusiyada futbolçu irqçilik təzahürü ilə qarşılaşır. Meydandan futbolçuya banan atılır və ünvanına irqçi şüarlar səslənirdi. Bu cür axmaqlar hər yerdə olub və təəsüflər olsun ki, hələ də var.

Deli Daynamos

2015-ci ildə futbolçu öz karyerasını Hindistanda, Deli Daynamos klubunda başa vurur. Həmin klubda futbolçu cəmi üç oyun keçirir.

Braziliya millisi

Braziliya millisinin heyətində Roberto Karlos, 19 yaşında, 1992-ci ilin fevralında debüt edir. 1995-ci il Amerika Kuboku oyunları zamanı Roberto Karlos özünü bütün dünyaya tanıda bilir. Məhz bu turnirdən sonra braziliyalı İtaliyaya köçür və ölkəsinin milli komandasında əsas oyunçulardan olur. Braziliya millisinin tərkibində Roberto Karlos, final matçında iki dəfə oynayaraq, üç dünya kuboku turnirində iştirak edir. 2002-ci il çempionatında Braziliyalıların çempion olduğu turnirin simvolik komandasına daxil edilir.
Braziliya millisinin heyətində 125 oyunda 11 qolla yadda qalan futbolçu 2010-cu il DÇ yollana bilmir. Buna səbəb isə millinin baş məşqçisi Dunqanın gənc futbolçulara daha çox üstünlük verməsi olur.

Qolları və cərimə zərbələri

Roberto Karlos haqqında danışarkən, bu mövzunu qulaqardına vurmaq olmaz, üstəlik ayrıca işıqlandırmaq lazımdır. Braziliyalı dünya futbol tarixində ən yaxşı müdafiəçi olaraq qoleodorlardan biridir - rəsmi oyunlarda onun hesabına 118 qol vurulub. Bəli, daha çox qol vuran müdafiəçilər var, amma Roberto Karlos inanılmaz güclü zərbəsi ilə fərqlənirdi. Nəyə görə? Birincisi ona görə ki, nə qədər asan görünsə də bu ağır məşqlərin bəhrəsidir. Roberto Karlos daim özü üzərində intensiv olaraq çalışırdı. İkincisi, qeyri-adi fiziki göstəricilər: Roberto Karlosun ayağının ölçüsü 39, budunun həcmi 60 sm-dir, üstəgəl qısa boylu olması ilə yanaşı ayaqlarıda olduqca qısa idi. Fiziki göstəricilərin bu cür vəhdəti güclü bir zərbə vurmağı mümkün edirdi. Zərbə zamanı butsun baş barmağı topa möhkəm oturur və bu da topun sürətini və naməlum traektoriya ilə irəliləməsini təmin edirdi. Həm də, futbolçunun özünün dediyinə görə bəzən bir ölçü az yəni 38 ölçülü butslar geyinirdi.

Uzun müddət topun sürətindəki rekord Roberto Karlosa məxsus olub - saatda 198 km. Fransaya qarşı vurulan qolun isə hələ analoqu yoxdur.
Fabien Bartez:
"Top qapı istiqamətində deyil tribunaya tərəf gedirdi. Nə zaman qapıya tərəf döndüyünü və qapıdan keçdiyini bilmədim"

Məşqçilik karyerası

Məşqçilik karyerasına Mahaçqalanın "Anji" klubunun baş qərargahında başlamış, daha sonra iştrakı ilə Türkiyə çempionatında beşinci yeri tutan və "ilin məşqçisi" seçildiyi Sivasspora rəhbərlik etmişdir. Bundan sonra braziliyalı, Akhisar Belediyespor və Hindistanın Deli Daynamos klublarını da çalışdırıb.

Şəxsi həyatı

Nisbətən qısa boylu (168 sm) olmasına baxmayaraq, əzələli Roberto Carlos həmişə qadınların diqqətini çəkirdi. İdmançı bir neçə dəfə evlənib. Birinci həyat yoldaşı Karlosa iki qız bəxş edib. Ayrıca, ilk evliliyindən etibarən futbolçunun övladlığa götürülmüş oğlu da var.

Roberto Karlosun ikinci həyat yoldaşı Braziliyadan olan model Mariana Lukon idi. Mariana Karlos üçün iki uşaq dünyaya gətirir. 2017-ci ildə idmançı gənc bir baba olur. Roberto Carlosun ilk nəvəsinin adı Pedrodur.

Müsahibədə Karlos sadiq sevgili olmadığını və eyni vaxtda fərqli millətlərdən və gözəl görünüşlü bir neçə qızla görüşə biləcəyini söyləmişdir. Ancaq sonradan bu sözləri inkar etmişdir. Həmçinin, oyunçu dəfələrlə etiraf edib ki, özü dəqiqliklə neçə uşağının olduğunu bilmir.

Roberto Karlos haqda deyilən bir neçə neqativ fikirlərə baxmayaraq. O futbol azərkeşləri tərəfindən əsasən sevilən bir futbolçu olub. Onun kimi məsuliyyətli, cəsarətli, sonadək tam qüvvəsi ilə irəli atılan öz işinə ciddi yanaşan futbolçular təəssüf ki, çoxluq təşkil etmir.

Ümid edirəm ki, Roberto Katlos haqda olan məlumatlar oxucular üçün maraqlı oldu.

Emin Şəmsiyev

Oxşar xəbərlər

Millimizin sabiq baş məşqçisi futbol tarixinin rəmzi yığmasında - SİYAHI SİYAHI
Marselo Roberto Karlosa yaxınlaşdı - FOTO
Roberto Karlos futzal oynayacaq!
“Daily Mail” qəzeti Roberto Karlosa təzminat ödəyəcək
Roberto Karlos “Real”ın məşqçisi olmaq istəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər