"Belə absurd qərarın altına imza ata bilməzdim" - Futzal çempionatında biabırçılıq -MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan İkinci Liqasının ilk dövrəsində adından söz etdirən, liderlər sırasında yer alan “Bədr Xocalı” qış fasiləsindən sonra uğursuz nəticələri ilə yadda qalır. Nədir səbəb? İlk dövrədə komandanı uğurla çalışdıran Elşən Ağaverdiyevlə söhbət zamanı məlum oldu ki, klubda idman adına xoş olmayan hadisələr cərəyan edib. Mütəxəssis sözə futzal liqasında çıxış etmə ideyasının necə ortaya atılmasından başladı:
Futzal üzrə ölkə çempionatının 2-ci Liqasında çıxış etmək ideyası Rəşad Dadaşov tərəfindən irəli sürüldü.
- Kimdir Rəşad Dadaşov? Sizi necə tapdı?
- Rəşad Dadaşov özünü İslam partiyasının Milli Mənəvi inkişaf və Həmrəylik İctimai Birliyinin sədri kimi təqdim etmişdi. Məni Zaur Dadaşov adlı futzalçının vasitəsilə tapmışdı. Dadaşov 10 ilə yaxın mənim məşqçilik etdiyim klublarda çıxış edib. Uzun illərdir bir-birimizi tanıyırıq.
- Bəs, niyə məhz 2-ci Liqadan?
- Ona birlikdə qərar verdik. Biz istəyirdik ki, komanda aşağıdan başlayıb yuxarılara çıxsın.
- Sizə nə təklif etdi?
- Mənə yeni futzal klubu yaradacağını söylədi. Məni isə həmin klubda məşqçi kimi görmək istədiyini bildirdi. Klubunun iddialı olmasını istəyirdi. Mən ona söylədim ki, bunun üçün klubun müəyyən büdcəsi olmalıdı. Rəşad Dadaşov büdcənin çox az olacağını, həftədə 2 dəfə olmaqla məşq zalına pulunun çatdığını söylədi. Guya İslam Partiyası ancaq bu qədər maliyyə dəstəyi edə bilir. Mən isə iddialı klub yaratmaq üçün bu qədər maliyyənin çox az oldugunu dedim. Bundan sonra Dadaşov sponsorlarla maraqlanacağını söylədi. Mənə güclü futbolçuları dəvət edib komandanın uğurlu nəticə qazanması üçün əlimdən gələni etməyimi tapşırdı.
- Bütün bunları pulsuz edirdiniz?
- Rəşad müəllim deyirdi ki, nəticələrimiz yaxşı olsa, sponsor gələcək. Mən ona ilk ildən ciddi nailiyyət qazanmaq sözü vermədim. Sadəcə ilk altılıqda yer almaq üçün var gücümlə çalışacağımı dedim.
- Deyilənlərə görə, Dadaşovun özü də məşqlərdə iştirak edirmiş.
- Bu komanda yaradılandan sonra oldu. Özü şəxsən məndən xahiş etdi ki, ara-sıra imkan verim məşqlərdə iştirak etsin. Mən buna etiraz etmədim.
- “Bədr Xocalı”nın heyətində xeyli tanınmış oyunçu yer alırdı. Onlar maaş almadan meydana çıxırdı?
- Onlar mənə görə komandaya gəlmişdilər. Maaşlarla bağlı Dadaşova sual verdikdə sponsorla danışıqların getdiyini, tezliklə hər şeyin həll olunacağını bildirirdi. Dəfələrlə oyunçulara öz cibimdən pul vermişəm. Uzun müddət bir qəpik pul almadan məşqlərə və oyunlara çıxdıq. Birinci dövrəni 3-cü sırada başa vurduq və klubu tərk etdik.
- Axı, hazırda komanda çıxışını davam etdirir.
- Bəli, komanda qış fasiləsindən sonra meydana çıxdığı matçlarda məğlub olub. Çünki mən komandanı tərk etdikdə, bütün oyunçular da mənimlə bərabər getdilər. Təsəvvür edirsiniz, klubu dirçəltdik, liderlər qrupunda yer aldıq, bizə 1 qəpik pul verilmədi. Oyunçuların haqqı yeyildi. Belə yerdə kim qalıb işləyər? İndi oynayanları Dadaşov özü gətirib.
- Nə vaxt getməyə qərar verdiniz?
- 2-ci dövrəyə hazırlaşdıgımız vaxt Rəşad Dadaşov mənimlə görüşmək istədi. Biz görüşdük. O məndən hazırlıq haqqında soruşdu. Mən komandaya yeni oyunçular dəvət etdiyimi bildirdim. İzah etdim ki, yeni gələnlər çempionluq yolunda bizə çox kömək edəcək. Həm də təmənnasız. Əvəzində isə o mənə öz planlarından danışdı. İlk öncə elə başa düşdüm ki, komandaya sponsor tapılıb. O bildirdi ki, sponsor olmayacaq. Yalnız, yeni şərtinin oldugunu söylədi. Şərti isə ondan ibarət idi ki, 2-ci dövrədən etibarən komandanın bütün oyunlarında meydana start heyətində çıxmaq istəyirdi. Özü də hər hissədə 15 dəqiqədən çox oynamaq şərti ilə. Mən belə absurd qərarın altına imza ata bilməzdim. Axı, biz peşəkarıq. Sonradan, məni komandadan uzaqlaşdırdı. Bir neçə gündən sonra isə bu məlumatı komandanın oyunçularına bildirdi. Mənimlə çalışa bilməyəcəyini söylədi. Uşaqlar da klubdan ayrıldı. Bu uşaqlar təmənnasız olaraq komandanın ugurları üçün can qoydular. Bu cür təcrübəli oyunçuları futzaldan niyə küsdürürlər? Onların çəkdiyi əziyyət necə olacaq? Görəsən, nə vaxtsa qayıdacaqlar futzala? İnanın ki, oyunçuların hər biri, Rəşad Dadaşovun üzünə çəkdikləri əziyyətləri heç vaxt halal etməyəcəklərini söylədilər.
Hidayət Əliyev/Sportfm.az
Oxşar xəbərlər
Rüfət Dadaşov üçün mövsüm bitdi - Zədəyə görə
Dadaşovun komandasından uğursuz oyun
Azərbaycanlı FİFA referisi haqda:"Mən nə biləydim ki, bu insan cildində şeytandır" - ŞOK
Rəşad Sadıqovun qardaşı: Ondan məsləhət almıram
Rəşad Dadaşov ittihamlara cavab verdi: Mənimlə pul davası edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası