reklam
Sportfm.az xəbər saytı

"Mixaylo"nun izi ilə...(LAYİHƏ)


Korner.az və Sportfm.az saytlarının "Futzal: yığmamızın Avropa çempionatındakı çıxışı" layihəsi çərçivəsində birinci yazısı

Mərkəzi Avropada yerləşən bu ölkənin ərazisi çok kiçikdir – cəmi 20236 kvadrat km. Vaxtilə Yuqoslaviyanın tərkibində olan Sloveniyanın əhalisi də azdır. 2 milyon insanın yaşadığı və 1848-ci ildə torpaqlarının əksəriyyətini bir bayraq altında birləşdirən Sloveniya, çoğrafi mövqelərinə görə daim əziyyət çəkib. Tarix boyu qonşularının hücumlarına məruz qalan azsaylı, məğrur sloveniyalılar suverenliyi 1991-ci ilin 25 iyununda əldə edib. 2004-cü ildən isə ölkə Avropa Birliyinə daxil olub.

Azərbaycanı gözəl təbiətə malik bu kiçik respublika ilə bağlayan mühüm tellər var. Sloveniyanın Çepovan kəndində yerləşən qardaşlıq qəbiristanlığında Sovet İttifaqı və Sloveniya Qəhrəmanı, xalqımızın igid oğlu Mehdi Hüseynzadə dəfn edilib. Əfsanəvi qəhrəmanın şərəfinə abidə də ucaldılıb. “Mixaylo”nun  xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində muzey yaradılıb.

“Mixaylo” ilə çiyin-çiyinə döyüşmüş silahdaşları, yerli sakinlər Azərbaycanın qəhrəman övladını unutmurlar. Hətta Mehdi Hüseynzadə haqqında çəkilmiş “Mixaylo” adlı sənədli filmdə rejissor Tahir Əliyev onun 10-a yaxın sloveniyalı partizan yoldaşını lentə alıb. Yaraşıqlı Mehdinin müharibə dövründə sevdiyi qız da olub. Hazırda 85 yaşı olan sloveniyalı Anjeli xanımın Hüseynzadə ilə şəkli də var. Anjeli həmin şəkli illərdir qoynunda saxlayır.

İndinin özündə belə “Mixaylo”nu Sloveniyada hədsiz dərəcədə sevirlər, onun qəhrəmanlığı yerli camaat tərəfindən unudulmur. Sloveniyalılar Mehdini sözün əsil mənasında əbədiləşdiriblər. Novoqoritsa şəhərinin girəcəyindəki magistral yolun kənarında Mehdi Hüseynzadənin heykəli, həlak olduğu yerdə isə xüsusi bir barolyefi qoyulub. Sloveniyada Azərbaycan adını eşidərkən hamı “Mixaylo”nu xatırlayır.

Mehdi Hüseynzadə Azərbaycanın oğlu, Sloveniyanın isə qəhrəmanıdır. İndi isə bir zamanlar adı dillər əzbəri olan “Mixaylo”nun igidlik göstərdiyi uzaq sahillərdə futzalçılarımız adından söz etdirməlidi. 

Hazırda Avropanın 12 futzal millisi Sloveniyaya toplaşıb. Qərbdə İtaliya, şimalda Avstriya, şərqdə Macarıstan, cənub-şərqdə Xorvatiya ilə həmsərhəd olan ölkənin paytaxtı alman dilindən tərcümədə “bataqlıq” anlamı verən Lyublyanadır. Əvvəllər Emona, Lyuviqana, Laybax adlanın bu tarixi şəhərin əhalisi elə də çox deyil.  1901-ci ildə ilk tramvay xətlərinin istifadəyə verildiyi sloveniyalıların qürur mənbəyi olan Lyublyanada 290 min insan yaşayır.

17 rayona bölünən Lyublyananı il ərzində xeyli sayda turist ziyarət edir. Adriatik dənizinin sularının yuduğu ecazkar mənzərəli təbiətə malik Sloveniyada ən populyar idman növü basketboldur. Bu sahədə uzun illər ölkənin Yuqoslaviyanın tərkibində olması özünü hiss etdirir. Avropanın ən güclü basketbol məktəblərindən birinə malik Yuqoslaviyanın tərkibində qalmaq ölkədə bu idman növünə marağın artmasına  səbəb olub. Sloveniyalılar arasında ən populyar ikinci idman növü isə futboldur. Sreçko Katanetsin vaxtında yığma komandanın qazandığı uğurdan sonra bu populyarlığın dozası daha da artıb. Son illər Balkan yarımadasının Avropaya qapısı hesab edilən respublikada futzala da maraq durmadan artır. Arxada qalan illər ərzində futzal üzrə dünya çempionatlarının seçmə mərhələlərində iştirak etməyən Sloveniya ilk dəfə 2003-cü ildə parket üzərində güclü rəqiblərlə mücadilə edib. Qonşu İtaliyanın Aversa və Kazerta şəhərlərində baş tutan futzal üzrə Avropa Çempionatının qrup mərhələsinə yüksələn sloveniyalılar A qrupunun sonuncusu olaraq vətənə geri dönüb. Bir daha 7 il fasilədən sonra digər qonşusu Macarıstanın təşkil etdiyi qitə birinciliyində gücünü sınayan “ağ-yaşıllar”, yığmamızın da qüvvəsini sınadığı turnirdə Serbiya və Rusiya ilə eyni qrupda sonuncu olmaqdan yenə yaxa qurtara bilməyib.

Parket üzərində xarüqələr yaradan ulduzlar bu dəfə multifunksiyalı “Stojiçe Sport Park”da yerləşən “Arena Stojiçe”də azarkeşləri futzalın sehrli dünyasına daşıyacaqlar. Əsası 2009-cu ildə qoyulan, 14480 tamaşaçı tutumuna malik bu möhtəşəm arena 2010-cu ildə istifadəyə verilib. Burda basketbol, voleybol, həndbol üzrə mötəbər turnirlər keçirilir.

Arxada qalan illər ərzində şəhər meriyasının balansında olan bu idman qurğusunda 8 dəfə dünyanın tanınmış ifaçılarının konserti təşkil edilib. “Arena Stojiçe”də həmçinin hokkey matçlarının keçirilməsi mümkündü. Bu arena “Olimpiya” basketbol komandasının ev matçlarını keçirdiyi məkan kimi tanınır. “Krim” adlı həndbol və “AÇ Voley” voleybol klubları burdan doğma meydança kimi istifadə edir.

Futzal üzrə ilk Avropa Çempionatı 1996-cı ildə İspaniyanın Kordova şəhərində keçirilib. Sayca 11-ci Avropa Çempionatının final mərhələsində 5-ci dəfə iştirak edən millimiz D qrupunda İspaniya və Fransa yığmaları ilə mücadilə edəcək. Fransa qitə birinciliyinə ilk dəfə qatılır. Qitə birinciliyinin kvalifikasiya qarşılaşmalarında güclü təsir bağışlayan Xorvatiyanı məğlub edən fransızlar “qara qutu” təsiri bağışlayır. Bundan əvvəl Xorvatiya ilə bir dəfə - 2015-ci ildə görüşən fransızlar rəqibə 5-1 hesabı ilə “boyun əymişdi”. Kvalisifikasiya mərhələsinin ilk matçının 2017-ci il 12 sentyabrda Belçika ilə həmsərhəd olan Nor departamentinin Orşi qəsəbəsinin  5000 nəfərlik tutuma malik “Davo Pevele Arena”sında baş tutacağı elan edildikdə, hər kəs heyrətlənmişdi. Axı, nədən fransızlar Parisdə və digər şəhərlərdə olan böyük idman komplekslərini qoyaraq, kiçik qəsəbəyə sığınmağı qərara alıb? Tezliklə bu suala Fransa yığmasının ambisiyalı baş məşqçisi Pyer Jaki aydınlıq gətirdi. Təcrübəli mütəxəssis ölkənin bir çox zallarını gəzdiyini, ən ideal örtüyün məhz “Davo Pevele Arena”da olduğunu bildirmişdi. Anşlaq yaşandığı ilk görüşdə ev sahibləri hesabda 1-0 önə keçsələr də, sonda bərabərliyə razı olmuşdular. Hər şeyə cavab qarşılaşmasında aydınlıq gələcəkdi. Və sentyabrın 26-da Dubrovnikdə baş tutan gərgin oyunda favorit qismində göstərilən xorvatlar sensasiyalı şəkildə fransızlara 4-5 hesabı ilə məğlub oldular. Bu nəticə ilə Fransa yığması tarixində ilk dəfə Avropa Çempionatının final mərhələsinə yüksəldi. D qrupunda millimizin digər rəqibi olan İspaniya isə son Avropa çempionudur. İspanlar 2016-cı ildə Serbiyanın paytaxtı Belqradda keçirilən qitə birinciliyinin finalında Rusiyanı 7:3 hesabı ilə məğlub edəərək, qızıl medalları qazanıb. Ümumiyyətlə isə 11-ci dəfə baş tutan bu turnirin 7-sində İspaniya qalib gəlib.

Futzal üzrə Dünya çempionatlarında dəfələrlə mükafatçılar sırasına düşən Pireney yarımadasının təmsilçiləri qitə birinciliyinin finalında cəmi bir dəfə məğlub olub. 1999-cu ildə “doğma divarlar” arasında penaltilər seriyasında Rusiyaya 4:2 yenilən ispanlar Qranada şəhərinə toplaşan futzalsevərləri kədərə boğub. Tarixində ən böyük hesablı qələbəsini Ermənistan üzərində(31:2 – red.) qazanan ispaniyalılar, Braziliya yığmasına 9:3 hesabı ilə “boyun əyib”. Futzal üzrə İspaniya çempionatı dünyada ən güclü liqalardan biri hesab olunur. İspan klubları bir neçə dəfə qitənin ən mötəbər turnirlərinin qalibi olub. Sözsüz ki, D qrupunda və Sloveniyada aşkar favorit məhz İspaniya yığmasıdır. Düzdür, onlar Fransa ilə baş tutan ilk qarşılaşmada 4:4-lük bərabərliklə barışmalı olub. Ancaq ilk görüşdə xal itkisi İspaniya yığmasının favorit statusuna xələl gətirə bilməz.

Qeyd edək ki, bundan sonra futzal üzrə Avropa çempionatları 2 ildən bir deyil, 4 ildən bir keçiriləcək.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Oxşar xəbərlər

"Neftçi"nin keçmiş futbolçusu qəflətən dünyasını dəyişdi - 72 yaşında
“Azərbaycan çempionatındakı oyunlar bizi qane etmir” (LAYİHƏ)
"Au revoir" Fransa və "espéranos" İspaniya (LAYİHƏ)
Futzal üzrə AÇ-2018: İtaliya mübarizəni dayandırdı, Sloveniya "yola davam"
Serbiya sensasiyaya imkan vermədi - Balkan derbisində bərabərlik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər