reklam
Sportfm.az xəbər saytı

"Şamaxı futbolla nəfəs alır" -MÜSAHİBƏ


"Şamaxı hər zaman idmançılar məskəni olub. Orada daha çox güləş inkişaf edib. SSRİ vaxtında bir çox idmançı beynəlxalq arenada qələbələr qazanıb. Şamaxı Azərbaycanın güləş mərkəzi sayılırdı. Amma orada hər zaman futbola böyük maraq olub. Zona yarışlarında Tofiq Bayramovun rəhbərlik etdiyi "Sevinc Kuboku"nda yerli futbolçular fərqləniblər".

Sportnet.az xəbər verir ki, bu fikirləri report-a açıqlamasında Azərbaycanın tanınmış jurnalisti, Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə "Keşlə" klubunun adının dəyişdirilərək Şamaxıya köçürülməsi qərarını şərh edərkən deyib.

Əslan Şamaxıdan olan mütəxəssis bildirib ki, doğma şəhərində Gəncə, Tovuz və Lənkərandakı kimi futbol həyatı olmayıb, bu idman növünün inkişafına tarixən o qədər də diqqət yetirilməyib: "Buna baxmayaraq, Şamaxıdan futbolçular, futbol mütəxəssisləri çıxıb. Məsələn, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov əslən şamaxılıdır. Bir sözlə, Şamaxının Azərbaycan çempionatında təmsil olunması üçün hər cür şərait, potensial olub. Təəssüf ki, buna fikir verilməyib, futbol kölgədə qalıb".

Süleymanzadənin sözlərinə görə. Şamaxıda futbol klubunu saxlamaq üçün hər cür imkan var: "Şamaxılıların marağı başda olmaqla, şəhərin tarixi potensialı orada yaxşı oyunçuların yetişməsinə imkan verir. Bakıdan hansısa komandanın Şamaxıya köçürülməsinə normal yanaşıram. Bu, Şamaxı futbolunun dirçəlişi üçün açar ola bilər. Ümid edirəm ki, qısa zamanda şəhərdə futbol mühiti yenidən formalaşacaq və komanda dəyişəcək. Yəni, legionerləri yerli gənclər əvəzləyəcək. Şamaxı futbolunun Premyer Liqaya çıxmasına həm sevinir, həm də böyük ümidlə yanaşıram. İnanıram ki, səylər öz nəticəsini verəcək".

Jurnalist dünya futbolunda da hansısa hazır klubun başqa bölgəyə köçürülüməsi təcrübəsinin olduğunu söyləyib: "Hər hansı klubun Şamaxıya köçürülüb sonradan heyətinin gənc futbolçular hesabına dəyişdirilməsi bəlkə də orada yeni komanda yaratmaqdan daha rahatdır. çünki futbol qaydaları var. Yeni klub təsis edib onu əvvəlcə həvəskarlar liqası, ardınca I Divizionda oynadıb sonra Premyer Liqaya çıxarmaq xeyli vaxt aparar. Ona görə də burada heç bir problem görmürəm. Komanda Şamaxını təmsil edə-edə buranın şərtlərinə uyğunlaşacaq. Ən azından legionerlər başqa klublara keçəcəklər. Çünki onlar şəhər mühitində yaşamağa uyğunlaşıblar. Bir legioner üçün ödənilən pulun qarşılığında ortaya 3-4 yerli futbolçu çıxacaq".

Süleymanzadə bu qərarın şamaxılılar üçün sürpriz olmadığını vurğulayıb: "Şamaxıda hər zaman futbol olub. Məsələn, sənətşünas Ziyadxan Əliyev Şamaxının ən yaxşı futbolçularından biri idi. Açığı, onun sənətşünas olmasına hamımız təəccübləndik. Çünki bu adam futbolçu olmalı idi. Şamaxıda qəsəbə və kəndlərarası çempionat keçiriləndə Premyer Liqa matçlarından 5-6 dəfə çox azarkeşlər toplaşırdı. Yəni, Şamaxı futbolla nəfəs alır. Buna heç kimin şübhəsi olmasın. "Şamaxı" komandası Azərbaycan çempionatında da çıxış edib".

Qeyd edək ki, "Keşlə" 2022-ci ildən Şamaxını təmsil edəcək.

Oxşar xəbərlər

"Şamaxı"nın loqosu müəyyənləşdi
“De Byazinin milli komandaya yanaşması düzgün deyil" - Tərlan Əhmədov
Sənan Qurbanov açıqladı - "Artıq bölgə komandası kimi çıxış edəcəyik"
"Keşlə" Bakıdan köçür - Premyer Liqada rayon klubu
“Keşlə” Şamaxıya kimləri aparır? - Klub rəsmisi açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər