reklam
Sportfm.az xəbər saytı

"Mənə heç kim dəvət göndərməyib" -Mahmud Qurbanov


Birinci divizionda yarışan “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov sualları cavablandırıb.

Sportfm.az həmin müsahibəni təqdim edir:

- Baş məşqçisi olduğunuz "Neftçi 2" birinci divizonda çempionluğun astanasındadır.

- Hələ qarşıda 3 tur var. 3 xal da qazanmalıyıq ki, birinciliyi təmin edək. İnşallah, çempion olarıq (gülür).

- Komandanızdan kimləri "Neftçi"nin əsas komandasında görürsünüz?

- Tam səmimi deyim ki, heç kimi ayırmaq istəmirəm. Hər bir futbolçunun əziyyəti var. Kiminsə adını çəkə bilmərəm ki, bu pis, digəri əla oynayır. Üstün cəhətlərimizdən biri də odur ki, 4-5 futbolçumuz "Neftçi"nin əsas komandasına cəlb olunur. Məşq edirlər, oyunlara çıxırlar. "Keşlə" ilə oyunda heç birinin adı iştirak ərizəsində olmadı. Çünki Tovuzdan səhərə yaxın ağır oyundan gəlmişdik. Ara-sıra əsas komandada Asim, Emin, İsmayıl, Vüsal kimi gənc oyunçuları meydanda görürük. İstəyirəm ki, gələn mövsüm bu futbolçular Premyer Liqa klublarında çıxış etsinlər. Fərqi yoxdur ki, "Neftçi" olsun, ya digərləri. Futbolçular potensiallarını Premyer Liqada aça bilərlər. Futbolumuz onları əvəzedicidə yox, Premyer Liqada qazana bilər. İlboyu məşq edib, amma oynamırlarsa, inkişaf edə bilməzlər. Gərək oynayıb artırsınlar. İstəyirəm ki, gənc futbolçuların əksəriyyəti Premyer Liqada oynasın.

- Amma klubların çoxu da yerli gənclərə az güvənir, legionerlərə üstünlük verirlər.

- Çünki təzyiq var, komandadan nəticə istəyirlər. Məşqçi də məcbur olub daha yaşlı oyunçunu və ya legioneri oynadır. Təzyiq, nəticə tələb olunan yerdə bu, belə də olacaq. Gənc futbolçuların digər klublarda çıxış etmək şansları var. Düşünürəm ki, digər klublarımız onları dəvət etməlidir. Belə olduğu halda onların potensialı, stimulu, ümidləri ölməyəcək. Bizdə gənclərə əsasən 10-15 dəqiqə şans verirlər və nəsə gözləyirlər. Belə olmaz. Futbolçuya inanmaq, onları oynatmaq lazımdır. Futbolçu özü-özünə yetişmir, oynadıqca yetişir. Mən bizə qarşı oynayan divizion komandalarına baxıram, görürəm ki, maraqlı futbolçular var. Onlar artıq Premyer Liqa səviyyəli futbolçulardır. Bunun da çıxış yolu odur ki, Premyer Liqada klubların sayı çox olmalı, seleksiya işi daha peşəkar aparılmalıdır.

- Bir müddət öncə xəbərlər yayıldı ki, Azərbaycan U-21 millisinin baş məşqçisi təyin olunacaqsınız.

- Bunu kim deyirsə, yalan deyir. Mənə heç kim dəvət göndərməyib. Ola bilsin, namizədlər arasında adım olsun, amma rəsmi dəvət olmayıb.

- İllərdir birinci divizionda çalışırsınız. Bəs, sizi Premyer Liqada nə vaxt görə biləcəyik?

- Gözəl sualdır. Amma mən də bu sualı sizə verərdim. Məndən olsa, günü sabahdan Premyer Liqada baş məşqçi kimi işləyərəm.

- Sizə dəvət niyə gəlmir ki?

- Deyə bilmərəm. Məndən asılı olan bir şey deyil. Bu, özümə də maraqlıdır. Ümid edək ki, yaxın zamanda təklif gələcək.

- Premyer Liqanın gedişatını necə dəyərləndirirsiniz?

- Biz bunu çempionatın sonunda dəqiq dəyərləndirə bilərik. Hazırda "Qarabağ" və "Neftçi" arasında gərgin mübarizə gedir. Çempionatın pik nöqtəsi elə son turlar olacaq. O vaxt həm medalçılar müəyyənləşəcək, həm avrokuboklara gedən bütün klubların adı məlum olacaq. Bu baxımdan ən maraqlı oyunlara şahid olacağıq.

- "Qarabağ" bu gün "Zirə"ni məğlub etsə, yenə "Neftçi"ni 3 xal geridə buraxacaq. Sizcə, komandanız bu xal fərqini aradan qaldıra biləcək?

- "Neftçi" xal fərqini aradan qaldırmalıdır və qaldıracaq da. Çünki çempionluğa oynayırlarsa qarşıdakı matçları udmalıdırlar.

- Kubokun finalında "Keşlə" "Sumqayıt"a rəqib oldu. Final barədə nə düşünürsünüz?

- Kubokun finalında gözlənilməz nəticələr olur. Bəlkə də çoxları "Qarabağ" - "Zirə" finalını görürdü, amma tam əksinə oldu. İstər "Keşlə", istərsə "Sumqayıt" komanda şəklində bütün gücünü finala qoyacaq. Favorit görmürəm, şanslar bərabərdir. (Qol.az)

Oxşar xəbərlər

"Bir balaca “Qarabağ” üstündür” - Tərlan Əhmədov
"Rəqib qapısına 100 faiz penalti təyin edilməli idi" - İlkin Muradov
Aqil Nəbiyev: "20 yaşlı futbolçu I Divizionda mübarizə apara bilməyəcəksə, nə gələcəyi olacaq?"
Yunis Hüseynov: "Hələ bilinmir, komanda olacaq, ya olmayacaq"
“Peşəkar məşqçi belə söz deməməlidir” - Samir Əliyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər