reklam
Sportfm.az xəbər saytı

"Mahir vura bilməyəndə, bilmirsiz nə edəsiz"


“Sumqayıt”la oyunda Mahir Mədətovun dubl etməsinə ən çox sevinənlər, heç şübhəsiz, ailə üzvləri idi.

Sportfm.az xəbər verir ki, “Qarabağ”ın və yığmanın əsas heyət üzvlərindən sayılan 21 yaşlı futbolçu ötən ildən bu yana azarkeşlərin tənqid hədəfinə çevrilib.

Kosovoyla oyundan sonra verdiyi açıqlama, “instaqram” səhifəsində atmaca tipli paylaşımı insanlarda qıcıq yaratmışdısa, Avroliqada və millidəki zəif çıxışı tənqidlərin dozasını bir qədər də artırdı.

Odu-budu, Mədətov yaxşı oynayanda da fitə basılır, pis oynayanda da. Belə məqamda futbolsevərlərin qəlbinə yenidən yol tapmaq üçün susmaq və bacarığını yaşıl meydanlarda göstərmək olduqca vacib şərtdi. 

İnsaf naminə, Mahirin hazırda düz yolda olduğunu deməliyik. Qurban Qurbanovun iradlarına tuş gələn “11 nömrə” artıq xeyli müddətdi mətbuata müsahibə vermir.

Başqa cür desək, baş məşqçinin qadağasına əməl edir. Sosial şəbəkələrdəki paylaşımları da kifayət qədər səliqəlidi. Ya özünün şəkillərini nümayiş etdirir, ya qollarını, ya da tanınmışlarla olan fotolarını.

Yəni atmaca xarakterli heç nə görmək mümkün deyil. Hətta “Sumqayıt”la oyunda dubl etməsinə baxmayaraq, dabanla vurduğu qolun şəklini qoyaraq, altına “9 qol+3 xal” sözlərini yazıb.

Belə də olmalıdı. Çünki başqa vasitələr ziyanına işləyəcək. Əvəzində atası Anar Mədətov göz düzəltmək istəyən yerdə vurub göz çıxardıb. 

Prodüsser ata oğlunun azarkeşlərlə barışmasına çalışmaq əvəzinə etdiyi paylaşımla fanatlarda qıcıq yaradıb:

“Bəzi azarkeşlərə deyirəm. Mahir sizə nə edib? Bu gün Mahir dubl etdi, yenə də onu borclu çıxarırsız. Siz həqiqətən də azarkeşsiz? İstəmədən şübhə yaranır.

Bu futboldu. Bəzi oyunlarda Mahir qol epizodlarını dəyərləndirə bilmir. Amma bu hamıda olur. Başqa oyunçu vura bilməsə, heç nə deməzsiz.

Mahir vura bilməyəndə, bilmirsiz nə edəsiz. Bu gün 2 qol vurdu, bu da sizə cavab. Mahir özünün yaxşı futbolçu olduğunu göstərdi”.

Valideyndi, hər halda, onun da narahatlığını başa düşmək olar. Amma bu cür olmur, Anar bəy.

Siz etiraz edən azarkeşlərdən yaşca böyüksüz, yəni az-çox dünya görmüş adamsız. Razılaşın ki, azlıq daim çoxluğa tabe olub.

Hətta siz düz olsaz belə, bu üsul çıxış yolu deyil. Mahir bacarığını göstərdikcə, qol vurduqca, susmalısız, hadisələrin axarını izləməlisiz.

Çünki Mahir bu cür edir. Əvəzində siz bu cür atmaca xarakterli paylaşımlar etdikcə, münasibətləri daha da qızışdırırsız.

Stadionlara toplaşanlara “bu da sizə cavab” deyirsiz. Amma bir şeyi unudursuz ki, onların növbəti matçdakı cavabı daha sərt ola bilər. Bundan zərər çəkən isə siz yox, min bir əziyyətlə böyütdüyünüz oğlunuz olacaq. 

Şou-bizneslə futbolun hərəsinin özünə görə qanunları var. Yaxşı olardı ki, orda gördüklərinizi futbola yansıtmayasız. Təbii ki, Mahirin gələcəyini düşünürsüzsə...

Oxşar xəbərlər

Mahir rəmzi heyətdə - UĞUR
Atası Mahir Əmrəlini belə təbrik etdi - VİDEO
Anar Mədətov: ""Əmrəli" soyadını daşıyanın oğlu elə fəraridir"
Daha "Mədətov" soyadlı "Qarabağ"lı futbolçu olmayacaq! - FOTO
Mahir Mədətov fitə basılmasından danışdı: Mənə təhqirlər davam edirsə...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər