Niyə Qurban hoca, niyə? -YAZI
Bu gün komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi ilin məşqçisi sorğusunda gözlənildiyi kimi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qalib gəldi. Təbii ki, bu başadüşüləndir. Şəxsən mən bu sorğuda "Keşlə"nin qısa müddətdə böyük işlər görən ukraynalı sabiq çalışdırıcısı Yuri Maksimova səs vermişdim.
Bu sorğuda 9-cu dəfə ən yaxşı adına layiq görülən mütəxəssis tədbirin sonunda jurnalistlərin suallarını cavablandırdı.
Bir çox məsələlərə aydınlıq gətirən 46 yaşlı məşqçi ona ünvanlanan "futbolçular ardıcıl ən yaxşı futbolçu seçiləndə, ölkə xaricində oynamaq haqqında düşünürlər. Bəs sizdə xaricdə işləmək haqqında bir fikir varmı? Ümumiyyətlə, sizə belə bir təklif olub?" sualına verdiyi cavab diqqətimi çəkdi.
Qurban hoca bildirdi ki, bir azərbaycanlı kimi Azərbaycan futboluna xidmət etməyi çox istəyir. Onun fikrincə, bu gün buna, yerli məşqçilərin öz futbolçularımızla işləməsinə daha çox ehtiyac var. Qurbanov hər şeyə real baxmalı olduğumuzu, “Qarabağ”ı atıb xaricdə işləmək istəyinin düzgün olmayacağını, kluba hörmətsizlik etmək istəmədiyini, həmişə sadiq olmağa çalışdığını dilə gətirdi. O, ayrılanda bunu sadiq biri kimi etmək istədiyini də söylədi.
Bax burda sual vermək istəyirəm "niyə Qurban bəy, niyə xaricdə çalışmaq istəmirsiniz? 11 ildir "Qarabağ"dasınız, ardıcıl 5 dəfə çempion olmusunuz, Çempionlar Liqasının qrupunda mücadilə etmisiniz, Avroliqanın qrup mərhələsinin havasını udmusunuz, getmək, özünü sınamaq vaxtı deyilmi? Bəyəm, Avropanın hansısa klubunda çalışmaqla Azərbaycan futboluna xidmət etmiş olmayacaqsınız? İnanın, onda bizim futbola daha çox xidmət etmiş olarsınız, sizin hansısa xarici klubun sükanı arxasında görmək, uğur qazanmağınızdan yazmaqdan gözəl heçnə ola bilməz. İnanın ki, hər matçınızı 10 milyon insan səbirsizliklə gözləyəcək.
Rəhmətlik Ruslan Abdullayev qısa bir müddət Türkiyə çempionatında çalışdı, günü bu gündə onun xatirələri ilə yaşayırıq hoca. Siz millinin də baş məşqçisi oldunuz, özünüz də gördünüz ki, yaxşı futbolçu və yüksək səviyyəli məşqçi olmaq üçün ölkə hüdudlarını aşmaq lazımdır. Siz gedin, əgər orda alınmasa belə, inanıram ki, "Qarabağ" rəhbərliyi sizə qucaq açacaq. İnanıram ki, istək olarsa, hazırda olmayan təkliflər də olacaq.
Araz Əhmədov
Oxşar xəbərlər
Qurban Qurbanov mükafatına qovuşdu - FOTO
Qurban Qurbanov “Fairmont” otelində mükafatlandırılacaq
Qurban Qurbanov mükafatına qovuşdu - FOTO
Qurban Qurbanov: Onların əsas yığmada oynamaq şansı az idi
Qurban Qurbanov ilin məşqçisi seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası