Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Klublarımızı avrokuboklarda nə gözləyir? -SORĞU
UEFA 2020/2021 mövsümündə avrokubokların təsnifat və qrup mərhələlərinin oyunlarının təqvimini açıqlayıb.
Qərara əsasən, Çempionlar Liqasında yeni mövsüm avqustun 8-də start götürəcək. Avropa Liqasının oyunları isə avqustun 20-də başlayacaq.
Çempionlar Liqasında pley-off, Avropa Liqasında isə qrup mərhələsinədək ev-səfər prinsipi olmayacaq. Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəyə 18/19 avqustda, Avropa Liqasında isə 27 avqustda başlayacaq.
Ancaq ölkəmizdə davam edən karantin rejimi belə bir sual yaradır ki, avqusta qədər karantinin davam etməsi klublarımızın avrokubok hazırlığına necə təsir edəcək? Sport7.az bu sualı futbol ictimaiyyətinin nümayəndələrinə ünvanlayıb.
Rəşad Ergün ("Komanda.az" saytının baş redaktoru): "Təbii ki, pandemiyaya görə dünən verilən yeni qərarlar Premyer Liqa klublarının hazırlığına öz təsirini göstərəcək. Üstəlik, çempionatda da mövsüm erkən dayandırıldı. Yoxlama oyunları keçirmək imkanının olmaması məsələsi də var. Bütün bunlar klubların hazırlığına təsir edəcək. Bizim üçün yeganə təsəlli odur ki, bu bəla təkcə bizdə deyil, bütün dünyada var. Yəni avrokuboklarda qarşılaşacağımız komandalar bizdən çox da hazır formada olmayacaqlar. Bizim klublar dua etsinlər ki, avrokuboklarda bizim kimi, milli çempionatı vaxtından əvvəl dayandırılan ölkələrin təmsilçiləri ilə qarşılaşsınlar. İndi əsas yük məşqçilərin üzərinə düşəcək. Həm komandaları bu vəziyyətdə hazırlamaq, həm də yeni transferlərlə məşğul olmaq. Çətin olacaq, ancaq dediyim kimi, bütün bunları yaşayan təkcə biz deyilik".
Araz Əhmədov ("Sportfm.az" idman agentliyinin baş redaktoru): "Mən ümumiyyətlə çempionatın keçirilməməsi haqqında verilən qərarı absurd sayıram. Çox maraqlıdır, pandemiya ilin sonuna qədər davam edərsə, o vaxta qədər Azərbaycanda futbol da olmayacaq? Hər kəs karantin rejimini önə çəkir, amma digər ölkələrdən misal gətirmir. Bu gün onlarla ölkədə karantin rejimi davam etsə də, çempionatlar keçirilir. Sadəcə görünür ki, bu qərar kimlərəsə sərf edirdi. Təbii ki, əgər Operativ Qərargah karantin rejiminin vaxtını uzadıb və futbolla bağlı nəsə fikirləşməsə, klublarımızın normal hazırlığından danışmaq mümkün deyil. Bunun üçün isə AFFA və klublar konkret təkliflə Operativ Qərargaha müraciət etməlidi. Qarşıda bizi milli komandamızın oyunları gözləyir. Belə davam edəcəyi təqdirdə yığmamızın görüşlərində iki rəqəmli hesablar qeydə alına bilər".

Emil Şükürov (Menecer): "Əgər açıq məkanlarda məşqləri qadağan etməsəydilər, 5 günlük səhər-axşam məşqləri normal olardı. Yeni situasiyada isə klubların sərt karantin tətbiq edilməyən rayonlarımızda hazırlıq keçməsi lazım olacaq. Əsas çatışmazlıq isə müxtəlif oyun stili olan sparrinq komandaların olmamasıdı. Sərhədlərin bağlı olması mövsüm öncəsi yeni oyunçuların komandaya cəlb edilməsinə də təsir göstərəcək. Ona görə də, klubların skaut şöbələrinə əvvəlkindən daha çox yük düşəcək".
Kənan Məstəliyev ("Rekord.az" saytının baş redaktoru): "Heç cür. Hazırlıq olacaq ki, təsirini də ölçək? Zarafatı bir yana qoysaq, böyük ehtimalla iyulun 5-dən sonra əvvəlki rejim qaytarılacaq və açıq havada yarışlara, dolayısı ilə də məşqlərə icazə veriləcək. Çünki bunu etməmək üçün heç bir əsas yoxdu. 5 metr uzunluğu olan avtobusa 40 nəfərin minməsinə icazə verirlərsə, qaydalara riayət olunma şərtilə komandaların hazırlaşmalarına razılıq olacaq. Əks halda, yəni bu iş avqusta qədər uzadılsa, heç avrokuboka getməsək, yaxşıdı. Tarixi fiaskolara uğrayar, 90-cı illərdəki böyükhesablı məğlubiyyətlərə belə şükür etməli olarıq. Təhlükəli durumdu. Ümid edirəm ki, Qərargah bunu nəzərə alaraq ilk yumşalmalarda idmanı da unutmayacaq".
Röya Kərimli
Sport7.az
Oxşar xəbərlər
Azərbaycan klubları Gürcüstana köçür - Avrokubok oyunları üçün
Məşqlərə icazə verilibsə, çempionatı da vaxtında başlatmaq mümkün olacaq" - Vaqif Sadıqov
"Qarabağ"dan da nəsə gözləmirəm" - Aqil Abbas
Məşqçilərimiz ümidsizdir - Çempionat davam etməyəcək
Gənclər Liqasının bərpa tarixi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası