İngiltərədə koronavirus pandemiyasına görə dayandırılmış çempionatlarla bağlı önəmli qərar qəbul olunub.

Sportfm.az xəbər verir ki, İngiltərə Futbol Liqası (EFL) Çempionşip, Liqa 1 və Liqa 2-də üst liqaya çıxma və aşağı dəstəyə düşmənin istənilən halda ləğv olunmayacağını bəyan edib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bu barədə sözügedən çempionatlarda mübarizə aparan klublar arasındakı sorğunun nəticəsinə əsasən qərar qəbul olunub. Klubların azı 51 faizi bu sistemin ləğvinə qarşı çıxıb. Bu üzdən də çempionatlarda mövsüm erkən başa çatdırılsa belə, ilk pillələrdə qərarlaşan komandalar üst liqaya çıxarılacaq, sonuncu yerləri tutan kollektivlər isə aşağı liqaya düşəcək. Bir sözlə, EFL çempionatlar dayandırıldığı zaman turnir cədvəlindəki mövcud durumu əsas götürəcək.

Qeyd edək ki, İngiltərədə martdan bəri dayandırılan çempionatların taleyi ilə bağlı hələ də yekun qərar verilməyib.