Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: Demyanenko və Osipenko-Radomskaya finalda!
Bu gün Rio Olimpiadasında daha iki avarçəkənimiz start xəttinə çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamızın liderləri olan Aleksandr Demyanenko və İnna Osipenko-Radomskaya finala yüksəliblər. Belə ki, öncə Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə təsnifat mərhələsində yarışıb. Dördüncü seçmə qrupda mübarizə aparan Demyanenkonun rəqibləri bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olub. Təmsilçimiz 200 m məsafəni 39,749 saniyəyə qət etməklə, nəinki yürüşün, bütün mərhələnin ən yaxşısı kimi yarımfinala yüksəlib.
Demyanenko yarımfinal mərhələsində 3-cü seçmə qrupda mübarizə aparıb. 5-ci zolaqda çıxış edən dünya və Avropa çempionumuzun rəqibləri Stefan Kiray (Almaniya), Zaza Nadiradze (Gürcüstan), Helder Silva (Portuqaliya), Conatan Haydu (Macarıstan), Yuri Çeban (Ukrayna), Mark Olderşou (Kanada) olub. Təmsilçimiz 40,298 saniyə ilə yürüşdə yalnız gürcüdən geri qalıb. Ümumi sıralamada isə 5-ci yerlə finala yüksəlib.
Həlledici yürüş sabah saat 16:23-də olacaq. Onun rəqibləri Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Martin Funksa (Çexiya), Andrey Kraytor (Rusiya) və Tomas Simart (Fransa) olacaq. Kraytor idmansevərlərimiz üçün tanış simadı. Azərbaycan yığmasının sabiq üzvü olan kaneçi Olimpiadaya son anda buraxılıb.
İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə gücünü 500 metr məsafədə sınayır. Dördüncü seçmə qrupda çıxış edən xanım idmançımızın bu mərhələdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olub.
Milliləşdirilmiş legionerimiz finiş xəttinə 1 dəqiqə 51,750 saniyəyə çatmaqla, 4-cü yürüşün deyil, təsnifat mərhələsinin birinci olub. O, ən yaxın izləyicisini 0,443 saniyə qabaqlayıb.
İnna yarımfinal mərhələsində 3-cü seçmə qrupda çıxış edib. 5-ci zolaqda çıxış edən təmsilçimizin rəqibləri Spela Ponomarenko Yaniç (Sloveniya), Rayçel Kautorn (Böyük Britaniya), Bricet Ellen Hartli (CAR), Emili Furnel (Kanada), Tereza Portela (Portuqaliya), Fransiska Veber (Almaniya) olub. Finişə 1 dəqiqə 57,627 saniyəyə çatan kayaçımız yalnız Veberdən geri qalıb. Yürüşün 2-cisi kimi finala vəsiqə qazanan Osipenko-Radomskaya mərhələdə 9-cu nəticə göstərib. Final mərhələsinin yürüşü isə avqustun 18-də saat 17:11-də başlanacaq. O, medallar uğrunda Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
Olimpiya mükafatçılarımız karyerasını bitirdi
Rio-2016: Demyanenko ikinci, Osipenko-Radomskaya sonuncu oldu
Rio-2016: Azərbaycan növbəti medalını qazandı
Belarus və Rumıniya komandaları olimpiadadan kənarlaşdırıldı
Moskvada Avropa çempionatı start götürür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası