reklam
Sportfm.az xəbər saytı

"Bizimkilər Ramilə inanmırdı, ona görə pul buraxmaq istəmirdilər" -MÜSAHİBƏ


Türkiyə millisinin şərəfini qoruyan həmyerlimiz Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazandı. 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqladı, rekorda imza atdı. O, finalda yeni rekorda imza ataraq finişə 19,76 saniyəyə çatdı. Ötən il Londonda eyni məsafəyə qaçışda dünya çempionu olan Ramil Quliyev hazırda Türkiyə və Azərbaycanın idman mətbuatının gündəmini zəbt edib. Bəs necə oldu ki, uşaq yaşlarından əla nəticələrə imza atan sprinterimiz bizlərə lazım olmadı! Nə üçün Ramil dünyalar qədər sevdiyi doğma vətənini tərk edib Türkiyəyə yollandı? Bütün bu suallara aydınlıq gətirmək üçün idmançının atası və şəxsi məşqçisi olan Eldar Quliyevin iş yoldaşı və yaxın dostu İqbal Ağayevlə söhbətləşmək qərarına gəldim. İqbal bəy Ramilin Azərbaycanı tərk etmək qərarını çox çətinliklə verdiyini bildirdi: Hər şeydən öncə onu deyim ki, Ramil həddindən artıq vətənpərvər oğlandır. Bunu ona uşaq yaşlarından atası aşılamışdı. Bakı Dövlət Universitetinin idman kafedrasında çalışan rəhmətlik Eldar müəllim Azərbaycan üçün canını belə verməyə hazır idi. Ramilin ilk dəfə stipendiyaya görə ölkə prezidentinə məktubunu mən yazmışam. Yeni-yeni yaxşı nəticələr göstərməyə başlayırdı. 14-15 yaşı vardı. Bir müddət sonra onu müddətli prezident stipendiyası ilə təmin etdilər. Pekindəki olimpiadada(2008-ci il - A.Ə) 19-cu olan Ramil 1 il sonra Berlində keçirilən dünya çempionatında 7-ci sıranı tutdu. O vətənə qayıtdıqdan sonra iki ölkədən təklif gəlmişdi. Hətta Moskvanın sabiq meri Yuri Lujkov Eldar müəllimə zəng vuraraq, Ramilin Rusiya yığmasına qoşulmasını xahiş etmişdi. Ancaq atası buna qətiyyən razı olmadı. O istəyirdi ki, oğlunun uğurları Azərbaycanın adı ilə bağlı olsun. Ramilin özü də qətiyyən heç yerə getmək fikrində deyildi. O bir idmançı kimi gözümün önündə böyüyüb. Onun necə insan olduğunu çox yaxşı bilirəm. 

- İqbal müəllim, necə oldu ki, Azərbaycana bu qədər bağlı olan Quliyevlər Türkiyənin adından çıxış etmək qərarına gəldi? 

- Burda bir şeyi nəzərə çatdırmaq istəyirəm ki, qərarı Ramil özü verib. Bunu hamı bilsin. Eldar heç vaxt başqa millidə çıxış etmək fikrini yaxına buraxmırdı. Sadəcə Ramilin xarici klubun şərəfini qorumasını istəyirdi. O çox patriot adam idi. Ancaq və ancaq Türkiyə klublarının formasını geyinməsini arzulayırdı. Milli haqqında isə söhbət getmirdi. Eldar rəhmətə getdikdən sonra Ramil özü belə istədi. Onun da səbəbləri var. Bəzən kimlərsə onun getməsinə başqa cür don geyindirmək istəyir. 

- Nə idi səbəblər? 

- Birinci sırada baxımsızlıq, sonra isə ögey münasibət. Atasının bivaxt ölümündən sonra onu stresə salan idman funksionerlərimizi günahlandıraraq incik düşdü. İnciklik məhz həmin insanlara qarşı idi. Vətəndən küsməkdən söhbət belə gedə bilməzdi. 

- Atası Eldar müəllimi nə narahat edirdi? 

- O bilirdi ki, Ramil yaxşı nəticələrə imza ata bilər, buna inanırdı. Təbii ki, tək onun inanması yetərli deyildi. Məsələn, 2009-cu ildə Ramilin cəmi 19 yaşı olanda o Avropada ən yaxşı nəticə göstərən sprinter idi. Berlində ilk səkkizlikdə yalnız iki avropalı vardı - biri Ramil Quliyev idi. Təbii ki, böyük idmanda zədələrdən qaçmaq mümkün deyil. Berlindən qayıtdıqdan sonra Ramilin bir neçə zədəsi olduğu üzə çıxdı. Onları müalicə etmək lazım idi. Bunun üçün isə külli miqdarda pul tələb olunurdu. Atası o pulu tapa bilmirdi. Ramilin onurğasında ciddi ağrılar vardı. Bu isə Eldara rahatlıq vermirdi. Dəfələrlə idman funksionerlərimizə müraciətlər etsə də, onlar bildirdi ki, müalicəni öz pulunla et, daha sonra çəkdiyin xərclərin qəbzlərini gətirib bizə göstərərsən, pulunu ödəyərik. Bizimkilər Ramilə inanmırdı, ona görə pul buraxmaq istəmirdilər. 

- Pul yoxdursa, müalicəni öz hesabına necə edə bilərdi? 

- Elə məsələ budur də! Axı belə ədalət düzəni olmur. Bu adam quru maaş alırdı. Ramilə verilən müddətli prezident stipendiyasının isə vaxtı bitmişdi. Yazıq Eldar sözün əsl mənasında başını itirmişdi. Ramilə isə təkliflər gəlməkdə davam edirdi. 

- Bəs Berlindəki çıxışa görə verilən mükafat necə oldu?

- O pulu da Eldar ala bilmədi. Həmin məbləğə böyük ümidi vardı. Ramilin müalicəsini və vitaminizasiyanı həmin pulla edəcəyini söyləyirdi. Ancaq o pul da əldən çıxdı. Səbəbi bilinmədi. Belə gedişatdan sonra Eldar depressiyaya düşdü. Vaxt da ötürdü. Artıq zədəli olduğu üçün Ramil nəticə göstərə bilmirdi. Həmin ərəfədə "Fənərbaxça"dan gələn təklif lap yerinə düşdü. 

- İstanbul klubunun müqavilə şərtləri necə idi? 

- Eldar müəllimin mənə verdiyi informasiya belə idi ki, Türkiyə təmsilçisi Ramilin 6 startı üçün 60 min avro vəd etmişdi. Yəni nəticəsindən asılı olmayaraq, hər startına 10 min avro. Türklər üçün əsas o idi ki, Ramil "Fənərbaxça"nın formasını geyinsin. Eldar bu müqavilənin eyforiyasını yaşayırdı. Ancaq onun bir müddət öncə keçirdiyi sarsıntılar izsiz ötüşmədi. 2010-cu ilin iyul ayında Eldar ürək tutmasından dünyasını dəyişdi. Bu Ramil üçün böyük zərbə idi. 

- Ramil Quliyevin Bakıda ev şəraitinin də yaxşı olmadığı deyilir. 

- Ölkə prezidenti ona ev bağışlayana qədər Eldargil 8-ci km-də 5 mərtəbəli binanın zirzəmi qatında yaşayırdılar. Şəraitləri də yaxşı deyildi. 

- Yüngül Atletika Federasiyasının rəsmiləri atasının çoxlu tələblərinin olduğunu önə sürürdü. 

- Bunların hamısı yalan söhbətdi. Eldarın heç bir istəyi yox idi. Guya ki, onlardan vəzifə və pul istəyib. Universitet rəhbərliyi daim Eldara köməklik edirdi. O oğlu üçün minimumu istəyirdi. Ancaq onu da onlara çox gördülər. Bu səviyyədə idmançı üçün tez-tez təlim-məşq toplanışları təşkil edilməliydi. Üstəlik, onun inkişaf etməsi üçün xaricdən mütəxəssis dəvət olunmalıydı. Burda isə bunların heç biri yox idi. Eldar müəllimin özü 1980-ci ildə SSRİ Silahlı Qüvvələrinin Spartakiadasında 200 metrə məsafəyə qaçışda qızıl medal qazanmışdı. O bütün bunları yaxşı bilirdi. 

             Fotoda sağda Eldar Quliyev

- Məşqçisi olan atası Ramilin zəif cəhətləri haqqında nəsə danışırdı?

- O deyirdi ki, Ramil daxili qaçış cığırında özünü narahat hiss edir. 2009-cu ildə isə Ramil məhz həmin cığırda qaçmalı oldu. Sonda isə 200 metrə yarışını 7-ci sırada bitirdi. 

- Başqa hansı cəhətlərinin onu qane etmədiyini söyləyirdi? 

- Start sürəti və döngələr. O zaman Ramil gənc idi. İndi bütün bu çatışmamazlıqları aradan qaldırıb. Nəticələri göz qabağındadı. Heyif ki, Eldar bunları görmədi.

Söhbətləşdi: Araz Əhmədov 

 

 

Oxşar xəbərlər

Ramil Quliyev ən yaxşılar arasında
Quliyev Polşada bürünc medal qazandı
Ramil Quliyev yeni hədəflərini açıqladı
Ramil Quliyev Avropa çempionu oldu
Çingiz Hüseynzadə: Finaldan öncə nəticələri araşdırıb proqnoz edəndə Ramilin medal qazanmaq şansı olduğunu gördük

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər