reklam
Yığmamızın mərkəzi bazasında üzgüçülük kompleksi açıldı -
Sportfm.az xəbər saytı

Yığmamızın mərkəzi bazasında üzgüçülük kompleksi açıldı -FOTO


Aprelin 8-də Azərbaycan ağır atletika yığma komandasının mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksində üzgüçülük kompleksi istifadəyə verilib. Bu, idmançıların ixtiyarına verilən daha bir hazırlıq məkanıdır.

Sportfm.az xəbər verir ki, yığma komandanın beynəlxalq yarışlara hazırlığı üçün ən optimal şəraitin qurulması məqsədilə tikilən bu Kompleksdə atletlər daha effektiv bərpa prosesi keçə biləcək, məkanın digər imkanlarından yararlanaraq məşqlərdə daha effektiv nəticə qazanmağa nail ola biləcəklər.

Rəsmi açılış mərasimində Xırdalan şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ qaziləri, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər heyəti, həmçinin AAAF Park Yaşayış Kompleksi və “Zirvə” Beynəlxalq İdman Klubunun rəhbər şəxsləri və digər mötəbər qonaqlar iştirak ediblər. Mərasim böyük izdiham və maraqla qarşılanıb.

Üzgüçülük kompleksinin açılışı üçün qırmızı lent kəsilib. Bu hüquq yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionları olmuş 4 idmançı – Səbinə Əzimova, Rüstəm Qasımov, Füqan Əliyev və Tarmenxan Babayevə verilib. Daha sonra qonaqlar Üzgüçülük Kompleksi ilə ətraflı tanış olublar.

Ən müasir standartlara uyğun Üzgüçülük Kompleksi öz multifunksionallığı ilə seçilir. Burada 100 yerlik tamaşaçı tutumuna malik hovuz, uzunluğu 25 metr, dərinliyi isə 1,5 – 1,7 metr olan 6 sıradan ibarətdir. Hovuz həm idman yarışların keçirilməsi, həm də şəxsi istifadə üçün yararlıdır. Burada müştərilərə soyuq və isti içkilər təklif olunur. Kompleksdə 3 sadə və 2 VIP olmaqla 5 masaj otağı fəaliyyət göstərir. Türk hamamı, buz otağı, fin saunası, rus hamamı, şok duş otağı, gözəllik salonu, istirahət otağı, paltardəyişmə və duş otaqları, 3 VIP otaq da xidmətə açıqdır. Kompleksdə həmçinin 20 nəfərin eyni zamanda məşğul ola biləcəyi fitness mərkəzi də var. Ən müasir avadanlıqlarla təchiz olunmuş məkanda həm günün yorğunluğunu atmaq, həm də sağlamlığı möhkəmləndirmək mümkündür.

Qonaqlar gördüklərindən razı qalaraq görülən işlər və yaradılan şəraiti təqdir ediblər. Tanışlıqdan sonra açılış mərasiminin rəsmi hissəsi başlayıb.

Burada federasiyanın 1-ci vitse-rezidenti Tofiq Heydərov, “Zirvə” Beynəlxalq İdman Klubunun direktoru və federasiyanın baş katibi Rizvan Rəsulov çıxış ediblər. Onlar Azərbaycanda idmana yaradılan şəraitdən danışıb, inkişaf üçün bütün imkanların olduğunu qeyd ediblər. Natiqlər bildirib ki, ölkəmizdə hökm sürən sabitlik böyük layihələrin həyata keçirilməsinə təkan verir, Cənab İlham Əliyevin şəxsi başçılığı ilə idmana göstərilən diqqət və qayğı isə Azərbaycanı işıqlı gələcəyə aparır.

Ağır atletika üzrə yeniyetmələr arasında Avropa birinciliyinin üçqat qalibi Səbinə Əizmova da tədbirdə çıxış edərək ürək sözlərini bildirib. 17 yaşlı atletimiz onlara yaradılan yüksək şəraitdən danışıb, məşq etmək və uğurlar qazanmaq üçün bütün imkanlara malik olduqlarına görə ölkə rəhbərliyinə, “Zirvə” İSC və Azərbaycan Ağır Atletika Federasiyasına minnətdarlığını dilə gətirib.

Sonra mərasimin bədii hissəsinə keçilib. Azərbaycan Respublikasının Xalq Artistləri Nazpəri Dostəliyeva və Bilal Əliyev gözəl mahnılar ifa edərək qonaqlar və sakinlərə xoş ovqat bəxş ediblər.

Oxşar xəbərlər

İdmançılarla görüş keçirildi - FOTO
İraq millisi Azərbaycanda təlim-məşq toplanışına başladı
İlin ən yaxşıları mükafatlandırıldı - Qarayeva ilin kəşfi oldu
Gənc ağır atletlərə seminar keçirildi
Ağır Atletika federasiyasına yeni prezident seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər