

"Araz"ın tükənən gücü və Alesio da Silvanın yalnış seçimi -YAZI
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” elit-raunda yüksələ bilmədi. Qrup mərhələsinin püşkü atıldıqda hamı bir ağızdan Naxçıvan təmsilçisinin rahatlıqla qrup birincisi olacağını söyləyirdi. Bəs, necə oldu ki, futzal aləmində heç də güclü hesab edilməyən Bosniya, Malta və Rumıniya təmsilçiləri ilə bir qrupda yer alan Alesio da Silvanın komandası növbəti mərhələyə çıxmadı? Necə oldu ki, "Araz"ın elit-raundda oynayacağını deyən mütəxəssislər yanıldı? Məsələnin kökü millimizin baş məşqçisi Milton Luis Ziller Juniorun qəfildən Azərbaycanı tərk etməsinə dayanır. Təcrübəli çalışdırıcı ailə vəziyyəti ilə bağlı Braziliyaya yollandıqdan sonra bu posta fiziki hazırlıq üzrə məşqçi, yığmamızın sabiq üzvü Biro Jade təyin edildi. Ancaq onun "müvəqqəti adam" olduğu başa düşülən idi. Daim iddialı məşqçilərə güvənən Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun Bironu ilk imkandaca göndərəcəyini hər kəs bilirdi. Futzal üzrə Avropa çempionatının əsas mərhələsinə qədər heç bir top məşqçi ilə anlaşa bilməyən Axundov seçimini Biro Jadenin xeyrinə etməsini belə izah etmişdi:"Peşəkar insandır. O, uzun müddət millimizdə oynayıb, eyni zamanda Miltonun köməkçisi işləyib. Vaxtımız az olduğunundan və Avropa çempionatının əsas seçmə mərhələsinin oyunlarının Bakıda keçiriləcəyini nəzərə alaraq, seçimimizi Biro Jadenin xeyrinə etdik". Federasiya prezidenti açıqlamasında Bironun üzərində dayanmasının əsas səbəbini açıqlamışdı - vaxt azlığı. Bakıda keçirilən AÇ-nin əsas seçmə mərhələsinin hər üç matçında qələbə qazanan gənc məşqçi Axundovun etimadını qazana bilmədi! Macarıstan, Albaniya və Bosniya yığmalarını məğlub edən millimizin baş məşqçisinin bəzi oyunçularla problem yaşadığı söz-söhbəti də yayılmışdı. Hətta, bir neçə futzalçının Biro Jade qalacağı təqdirdə, yığmamızı tərk edəcəyi bildirilirdi. Məhz həmin ərəfədə millimizin və "Araz"ın aparıcı üzvləri Fineo və Vassuro paytaxtımızı tərk etmək qərarına gəldi. Belə görünürdü ki, tezliklə Axundov yığmamızın sabiq üzvünə "qapını göstərəcək". Sadəcə, bunun üçün başqa bir məşqçi ilə anlaşmağı gözləyir. Axtarışlarına davam edən AFF-nin prezidenti, Azərbaycanı qalmaqallı şəkildə tərk edən Alesio da Silva ilə danışıqlar aparırdı. Dincəlmək üçün ölkəsinə yollanan Bironun Bakıda olmamasından istifadə edən Zaur Axundov, uzun müddətdir Qazaxıstanda köməkçi məşqçi kimi fəaliyyət göstərən Joze Alesio da Silvanın yenidən "saqqızını oğurlaya" bildi. 2014-cü ildə federasiya rəhbərliyini xəbərdar etmədən Azərbaycandan qaçan braziliyalı fəaliyyətinə "Araz"a iki yeni futzalçı gətirməklə başladı. Bironun dövründə heyətdən kənarlaşdırılan Ramiz Çovdarov da əhv edildi. Bütün bunlara baxmayaraq, yeni gələn braziliyalıların klubu tərk edən Fineo və Vassurodan qat-qat zəif olması, üstəlik Alesionun ilk gedişindən sonra "Araz"a cəlb edilən yerli oyunçuları tanımaması öz sözünü deyirdi. Hazırlıq matçlarında rəqiblərindən "beş baş" üstün olan Naxçıvan təmsilçisinin əsas probleminin nədə olduğunu görmək Jozeyə qismət olmadı. Bunun üçün mövsümöncəsi hazırlığı ölkə xaricində keçirmək və daha ciddi rəqiblərlə qarşılaşmaq lazım idi. Əvəzində Bakıya əsas heyətənin 6 üzvündən yoxsul gələn İran çempionatının gümüş medalçısı "Mes Sanqun"a iki matçda qalib gələn Alesio da Silva bununla işini bitmiş saydı. Futzal üzrə Yüksək liqanın startına az qalmış, daha bir braziliyalını heyətə cəlb edən mütəxəssisin rəhbərlik etdiyi komanda, ilk turda çox çətinliklə heyətində yalnız yerli futzalçıların çıxış etdiyi EKOL-a 2:1 hesabı ilə qalib gəldi. Həmin görüşdə komandanın hazır olmamasının ilk sıqnalları verildi. Elə 2-ci turda "Yasamal"la qarşılaşma da "Araz" üçün asan keçmədi. Baxmayaraq ki, çempion rəqibini 4:0 hesabı ilə məğlub etdi, ancaq əsasən gənclərdən təşkil olunan "Yasamal" klubu Rövşən Hüseynlinin qapısı qarşısında xeyli sayda təhlükəli epizod yarada bildi. Arxada qalan iki turdan sonra söhbət etdiyimiz bir çox futzal mütəxəssisləri "Araz"ın zəif çıxışını vurğulamaqla yanaşı, komandanın UEFA Kubokunun görüşlərinə hazır olmadığını dilə gətirirdi. Bütün deyilənlər öz əksini Rumıniyada tapdı. İlk matçda rahat qələbə qazanan Alesio da Silvanın yetirmələri, ikinci oyunda hər kəsin hesabdan sildiyi Malta çempionundan 4 top buraxdı. Son görüş isə komandamız üçün fiaskoya çevrildi. Zaur Axundovun Joze Alesiodan ciddi izahat tələb edəcəyi dəqiqdir. Qarşıda isə yığmamızı Avropa Çempionatı və İspaniya kimi nəhənglə oyun gözləyir.
Araz Əhmədov
Oxşar xəbərlər
Alesio Da Silva fərqli "Araz Naxçıvan" görəcəyimizi vəd etdi
Pulsuzluqdan şans qazanan futzalçılarımız Alesionu yenə "qaçırdacaqmı"? - QEYD
Zaur Axundov oyunçuların maaşlarını ödəyə bilmir - ÖZƏL
Naxçıvan təmsilçisi daha iki oyunçusu ilə yollarını ayırdı - ÖZƏL
Alesio Da Silva:"Onların yığmanın şərəfini qoruyacaqlarını indidən deyə bilmərəm" - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin