reklam
Uşaq futbolunda rast gəlinən zədələr və xəstəliklər -
Sportfm.az xəbər saytı

Uşaq futbolunda rast gəlinən zədələr və xəstəliklər -ARAŞDIRMA


Futbol varsa, zədə də var. Zədə varsa... futbol yoxdur. Zədələr bütün idman növlərinin, o cümlədən futbolun ayrılmaz bir hissəsidir. Sınıqlar, çıxıqlar, burxulmalar, əzələ dartılmaları, əzilmələr... hamısı ilə nəinki peşəkar, eyni zamanda uşaq futbolunda da tez-tez rastlaşırıq. Amma elə zədələr və ya xəstəliklər var ki, ancaq uşaqlar üçün xarakterikdir və vaxtında, düzgün müalicə aparılmasa, nəinki uşağın gələcək futbolçu karyerası, ümumiyyətlə, sağlamlığı təhlükə altında ola bilər. Belə xəstəliklərin bir neçəsinin adını çəkək - Osqud-Şlyatter xəstəliyi, Şints xəstəliyi, Şeyerman-Mau xəstəliyi, fəqərələrarası osteoxondroz, osteoporoz və s. Çoxlarının adını bəlkə də eşitməmisiniz və xəstəliyin xüsusiyyətlərindən, uşağın orqanizmində törədə biləcək fəsadlardan da xəbərsizdir. Elə isə... Bu sayımızdan etibarən uşaq futbolunda rast gəlinən xəstəliklər və zədələrdən, onların yaranma səbəblərindən, müalicə metodlarından bəhs edəcəyik. Bunun üçün təkcə internetdən və müxtəlif tibbi kitablardan topladığımız məlumatlarla kifayətlənməyəcəyik, idman sahəsində tanınmış həkimlərin fikirlərinə də yer ayıracağıq.  
Osqud-Şlyatter xəsləliyi  
Tibbi ədəbiyyatda Oskud-Şlyatter xəstəliyi osteodistrofiyanın bir forması kimi göstərilib. İlk dəfə 1903-cü ildə Osqud və Şlyatter tərəfindən müəyyən edilmiş və onların şərəfinə Oskud-Şlyatter adlandırılmışdı. Xəstəlik dizdə - qamış sümüyünün diz oynağı hissəsində yaranır. Adətən 12-18 yaşlı uşaq və gənclərdə rast gəlinir. Dizin aşağı hissəsində yaranan şiş ağrılı olur və uşağın idmanla məşğul olmasına çətinlik törədir. Oskud-Şlyatter xəstəliyinin yaranmasının bir neçə səbəbləri var. Onlardan birincisi uşağın boy artımı ilə bağlıdır. Başqa sözlə, uşağın inkişaf dövründə ortaya çıxa bilər. Digər səbəblərdən biri fiziki yükləmələrdir ki, futbolda da bu, adi haldır. Bir qədər ətraflı. Çox vaxt idmanla intensiv məşğul olan uşaqlar Oskud-Şlyatter xəstliyindən əziyyət çəkirlər. Oğlan uşaqları qızlara nisbətən idmanla daha çox məşğul olduqlarından xəstəlik onlar üçün daha xarakterikdir. Xəstəlik sümüklərin böyümə dövründə özünü göstərə bilər. Statistikaya görə, idmanla məşğul olan hər 5-6 uşaqdan birində bu xəstəlik müxtəlif formalarda müşahidə olunur. İdmandan uzaq olanlarda isə bu rəqəm 3-5 faizdir.
Yaranma səbəbləri  
Tibbi ədəbiyyatda göstərilən səbəblərdən başlayıq. Uşaqlarda boy uzanması birbaşa sümüklərin inkişafa ilə bağlıdır. Qamış sümüyünün oynaqlarla birləşdiyi hissəsində xüsusi böyümə zonaları var. Həmin zonaların hesabına sümük uzununa böyüyür və uşaqda boyartamı müşahidə olunur. Böyümə zonasında sümüklərin üzəri qığırdaqla örtülüb və sümüklə möhkəm birləşməyib. Sümüyün uzanma prosesində qığırdaqların sümükdən qopa bilmə ehtimalı var. Fiziki hərəkətlər zamanı bu qopma özünü daha tez büruzə verir. Nəticədə qığırdağın sümükdən aralanan hissəsində maye yığılır və ağrılar başlayır. Uşağın orqanizmi bu qopmanı özü bərpa etməyə çalışır. Yekunda böyüyən sümük hüceyrələri boş zonaya doğru çoxalmağa başlayır ki, bu da dizin aşağı hissəsində sümük çıxıntısının yaranmasına, paralel olaraq ağrılara səbəb olur. Bakı şəhər Tibbi Bədən Tərdiyəsi Dispanserinin baş həkimi Nərmin Qasımova isə Oskud-Şlyatter xəstəliyi və onun yaranması ilə bağlı bir qədər fərqli fikir bildirdi: "Bu xəstəlik qamış sümüyünün osteoxondropatiyasıdır. Oskud-Şlyatterin yaranmasının 2 əsas səbəbi var. Onlardan biri fiziki yükləmələr, digəri isə həmin nayihənin zərbələrə tuş gəlməsi və zədələnməsidir. Qamış sümüyünün xüsusi böyümə zonaları var. Böyümə zonaları qığırdaqlardan ibarətdir və sonradan sümükləşir. Fiziki yükləmələr və zərbələrin hesabına qığırdaqlar tez zədələnə bilirlər. Nəticədə hüceyrə artımı normanı aşır ki, bu da dizin aşağı hissəsində çıxıntı əmələ gəlməsinə səbəb olur. Vaxtında müalicə aparılmazsa və uşaq idmanla məşğuliyyətə davam edərsə, nəticəsi ağır ola bilər...” Ağrılar xəstəliyin dərəcəsinə görə müxtəlif olur. Bəzi hallarda yüngül, əksər hallarda isə kəskin və dözüməz ağrılar müşaşidə edilir. Xəstəlik olduğu anda idmanla məşğuliyyət ağrıların şiddətlənməsinə gətirib çıxarır. Ağrılardan və dizin aşağı hissəsində əmələ gələn çıxıntıdan yana diz nayihəsində şiş əmələ gələ bilər. Adətən Oskud-Şlyatter xəstəliyi uşaqların ancaq 1 ayağında yaranır. Dərəcəsindən asılı olaraq xəstəlik bir neçə həftədən bir neçə aya kimi davam edir. Xəstəlik "yoxa çıxdıqdan" sonra dizin aşağı hissəsində, qamış sümüyünün üzərində çıxıntı qalır. Amma bu çıxıntı uşağın gələcək fəaliyyətinə mane olmur. Qısası, Oskud-Şlyatter xəstəliyi uşağın boyunun artması dövrünə təsadüf edir, adətən idmançılarda rast gəlinir və boy artımı ləngidikcə "yoxa çıxır".  
Diaqnostika və müalicəsi  
Xəstəliyi müəyyən etmək üçün rentgen müayinəsindən keçmək lazımdır. MRT diaqnostikası daha yaxşıdır. Bu halda sümüyün, qığırdağın və əzələlərin vəziyyəti daha yaxşı görünür. Xəstəliyin dərəcəsindən asılı olaraq müalicə təyin olunur. Təcrübəli həkimlər rentgen və MRT müayinəsi olmadan belə Oskud-Şlyatter xəstəliyini simptomlarına görə təyin edə bilirlər. Amma bütün hallarda müayinə lazımdır. Bayaq qeyd etdiyimiz kimi, xəstəliyin dərəcəsini müəyyən etmək üçün. Oskud-Şlyatter xəstəliyinin müalicəsi ilə ortopedlər məşğul olurlar. Əgər xəstəlik ilkin mərhələdədirsə, tez və ağrısız müalicə olunur və müəyyən müddətdən sonra tam sağalır. Ağırlaşmış formadadırsa, müalicə prosesi bir qədər uzun çəkir. Müalicə nədər ibarətdir? Həkimlər tərəfindən təyin olunmuş müəyyən dərman preparatları, fizioterapiya, idman gimnastikası, müəyyən fiziki hərəkətlər, üzgüçülük, velosiped idmanı və s. Üstəlik, müalicə müddətində fiziki yükləmələr yasaqdır. Yəni, uşağı sevimli idman növündən müəyyən müddətə uzaqlaşdırmaq, ayağa rahatlıq vermək vacibdir. Aparılan müalicələrin nəticəsindən asılı olaraq uşaq bir müddət sonra idmanla məşğul ola bilər.  
Mütəxəssislər nə deyir?  
Uşaq futbolunda rast gəlinən zədələrlə bağlı bir çox yerli mütəxəsislərin fikirlərini öyrəndik və maraqlı bir məqamla rastlaşdıq. Xəstəliklə bağlı bəzi hallarda klub həkimləri ilə poliklinika həkimləriin fikirlərində təzadlar ortaya çıxdı. Məsələn, bəzi klub həkimləri Oskud-Şlyatter xəstəliyinin o qədər qorxulu olmadığını, hətta ağrılara rəğmən uşağın dözəcəyi təqdirdə idmanla məşğul olmasının mümkünlüyünü bildirirlər. Səbəb kimi isə xəstəliyin müəyyən müddətdən sonra onsuz da öz-özünə keçəcəyini göstərirlər. Uzağı dizin aşağısında "şişka" qalacaq ki, bu da gənc futbolçunun gələcək idman və yaşayış tərzinə heç bir təsir göstərməyəcək. Poliklinika həkimlərinə gəlincə...  Nərmin xanımın fikirləri yenə də fərqli oldu: "Oskud-Şlyatter xəstəliyi qamış sümüyü və onun üzərindəki qığırdaqların eyni formada qidalanmaması nəticəsində yaranır. Sümük uzanır, onun oynaqlarla birləşdiyi yerdə üzərini örtən qığırdaqlarda isə böyümə ləngiyir. Bu da uşağın düzgün qidalanmaması, fiziki yükləmələrin nəticəsində ortaya çıxır. Oskud-Şlyatter xəstəliyi futbolçularda daha çox rast gəlinir. Çünki futbolda dizin zərbəyə tuş gəlməsi halları intensiv olur ki, bu da qığırdaqların zədələnməsinə və xəstəliyin inkişafına təkan verir. Orqanizmdə kalsium çatışmazlığı, düzgün olmayan həyat tərzi və digər amillər də həmçinin". Nərmin xanımın sözlərinə görə, son illər bu xəstəliklə onlara müraciət edənlərin sayı xeyli çoxalıb. Əsasın 13-16 yaşlı uşaqlar dispanserdə müalicə alırlar. Onların arasında futbolçular çoxluq təşkil edir. Boks, güləş və digər idman növləri ilə məşğul olanlar da az deyil. Nərmin xanımdan Oskud-Şlyatterin müalicə olunmayacağı təqdirdə yarana biləcək fəsadlar barədə soruşduq. Cavabında xəstəliyin gələcəkdə uşağın əlil olmasına səbəb ola biləcəyini dedi. Bundan başqa xəstəlik dövründə fiziki yükləmələr davam edərsə, dizdə ortroz xəstəliyinin yaranması və nəticədə meniskus əməliyyatı keçirmə riskinin də qaçılmaz olduğunu söylədi. Xəstəliyin müalicə üsullarına gəlincə, Nərmin xanımın sözlərinə görə Tibbi Bədən Tərbiyəsi Dispanserində bu xəstəliyin müalicəsi aparılır. Bura fizioterapevtik müalicə, elektrofarez və s. daxildir: "İlk növbədə uşağa düzgün diaqnoz qoyulmalıdır. Rentgen müayinəsi yanlış diaqnoza səbəb ola bilər. Ona görə MRT daha yaxşıdır. Bu halda xəstəliyin dərəcəsini müəyyən edilir. Müalicə prosesində bir çox üsullardan istifadə edirik: elektrofarez, ultrasəs terapiyası, müxtəlif sarğılar, vitaminizasiya və s. Yeri gəlmişkən, uşağın tərkibində kalsium olan preparatlar qəbul etməsi də yaxşı olar. Amma bunun üçün mütləq qandakı kalsiumun miqdarı yoxlanmalıdır. Başqa metodlar da var, onlar haqqında geniş danışmağa lüzum görmürəm. Əsas  odur ki, Oskud-Şlyatter xəstəliyi olan uşaqlar mütləq şəkildə müəyyən müddətə peşəkar idmandan uzaqlaşdırılmalı, həyat tərzləri yaxşılaşdırılmalıdır".  
Xəstəliyin müalicəsi 6 aya kimi və daha uzun müddətə çəkə bilər. Bu isə uşağın psixologiyasına mənfi təsir göstərə bilər. Bunun baş verməməsi üçün həm məşqçilər, həm həkimlər, həm də valideynlər uşaqlara mənəvi dəstək olmalı, onlara vəziyyəti izah etməlidirlər. Uşaqlar arasında Oskud-Şlyatter xəstəliyinə tez-tez rast gəlindiyindən mövzuya geniş yer ayırdıq. Uşaq futbolunda rast gəlinən və adları yazının girişində qeyd olunan digər xəstəliklər haqqında isə növbəti yazılarımızda.
 
İlqar TAĞIYEV "Het-trik news" qəzeti

Oxşar xəbərlər

İdman zamanı hansı travmalar yarana bilər? - AÇIQLAMA
Uşaq futbolunda rast gəlinən zədələr və xəstəliklər
Uşaq futbolunda rast gəlinən zədələr və xəstəliklər
Dario Frederiko: "Bundan sonra daha güclü olacağam"
Ağır xəstəliyə tutulan azərbaycanlı futbolçudan xəbər var - HADİSƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər