Elmir Hüseynoğlu:"Stadionda olduqda mən məşqçiyəm, məşqim bitdikdən sonra isə mən yazıçıyam"
Mənə kitab yazdığını dediyi zaman qulaqlarıma inanmadım. Aradan bir müddət keçdi, zəng vurub kitabının çapdan çıxdığını söylədi. Haqqında bəhs etdiyim şəxs Bakı Dövlət Universitetinin məzunu, "Keşlə"nin aşağı yaş qrupları üzrə komandalarında məşqçi kimi çalışan Elmir Hüseynoğludur. B kateqoriyalı mütəxəssisin 2 gün öncə "Savannaya qayıdış" adlı kitabı işıq üzü görüb. Arxasını öz dilindən eşidək: Məktəb vaxtlarından ədəbiyyata meyl salmışdım. Uşaq yaşlarımda şer, hekayə yazırdım. Nizaminin, Füzulinin yaradıcılığına həsr edilən tədbirlərdə daim iştirak edirdim. Elə o zamandan cızma-qara edirdim.
- Bəs, nə vaxt kitab çıxarmaq həvəsinə düşdünüz?
- Açığı kitab çıxarmağa bir qədər tərəddüd edirdim. Düşünürdüm ki, tənqid edəcəklər. Deyəcəklər ki, məşqçi hara, kitab çıxarmaq hara?! Sonradan fikirləşdim ki, bəzi məşqçilərdən fərqli olaraq, mərc oyunlarında iştirak etməkdənsə, yazdıqlarımı insanlarla paylaşsam yaxşıdır. Xaricdə belə nümunələr çoxdur.
- Ədəbiyyata belə marağınız vardısa, niyə futbolu seçdiniz?
- Mənim dayım Tofiq Məmmədov yaxşı futbolçu olub. Bir çox veteran futbolçularımızla birgə çıxış edib. Ona baxıb bu idman növünə meyl salmışam. Ağır zədə dayımın karyerasının üzərindən xətt çəkib. Dayım zədələnəndən sonra valideynlərim mənə peşəkar səviyyədə futbolla məşğul olmağa icazə verməyib. Universiteti bitirdikdən sonra isə hiss etdim ki, futboldan uzaq qala bilmirəm. Müxtəlif işlərdə çalışdım, ancaq gördüm ki, bu sahələr mənlik deyil. Sanki özümü tapa bilmirdim.
- Bizim valideynlərdə belə bir fikir formalaşıb ki, uşaq ya futbol oynamalı, ya da təhsilin arxasınca getməlidi.
- Məncə bu fikir kökündən yanlışdı. Hər ikisini eyni anda etmək mümkündü. Bəlkə bu kitab həmin fikirlərin dəyişməsinə yardımçı olacaq.
- Hekayə kitabı yazmaqla, uşaqlara hansı mesajı vermək istəyirsiniz?
- Gələcəyimiz uşaqlardı deyiriksə, deməli kiçik yaşlarından etibarən balacaların həyata hazırlanmasına yardım etməliyik. Kitab isə bu istiqamətdə çox mühüm vasitədir.
- Bizim futbolçuların əksəriyyətinin adi danışıq və davranış qaydalarını bilməməsi daim tənqid olunur.

- Yaxşı futbolçu, həm də savadlı olmalıdı. Avropada buna xüsusi önəm verirlər. Köhnə qitənin əksər futbol akademiyalarında aşağı qiymətləri olan futbolçuları heyətdən kənarlaşdırırlar. Və yaxud onlara qiymətlərini düzəltməsi üçün vaxt verirlər.
- Ədəbiyyatda məqsədiniz nədir?
- Düşünürəm ki, yazıçılıq peşə yox, xidmət sahəsidi. Mənim məşhur yazıçı olmaq kimi bir hədəfim yoxdur. Məqsədim sadəcə bacardığım qədər uşaqların inkişafına töhfə etməkdi. Çünki, məşqçinin də, yazıçının da əsas istəyi sağlam düşüncəli vətəndaş yetişdirmək olmalıdı. Mən məşqçi və yazıcı kimi daim öz üzərimdə çalışacam. İlk kitabım haqda verilən müsbət rəylər məni çox sevindirir, həvəslənirəm.
- Məşqçi Elmir, yoxsa yazıçı Elmir?
- Stadionda olduqda mən məşqçiyəm, işimə bağlıyam. Məşqim bitdikdən sonra isə mən yazıçıyam. Artıq ikinci kitabı da yazmağa başlamışam.
- Kitabınızı birnəfəsə oxudum. Açığını deyim ki, çoxdandır ana dilimizdə Savannanın bu qədər dərinliklərinə dalmamışdım.
- Çox sevindim. Mən daha yaxşı olmaq üçün bu sözlərdən yapışacam.
Söhbətləşdi: Araz Əhmədov
Oxşar xəbərlər
Ceyhun Sultanovun dəstəyi ilə İlk şer kitabını nəşr etdirən Renata: "Futbola aid şerlər yazacam"
"Keşlə"nin məşqçisi: "Əksəriyyətinin heç normal intellekti yoxdur”
AFFA və UNICEF tərəfindən təlimat kitabçaları hazırlandı
"Qarabağ"a həsr olunmuş kitabın təqdimatı oldu
"Rəşad Sadıqov bizə təsəlli verdi" - Bəhlul Mustafazadə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası