Səmədağa Şıxlarov:"Ömrümü verdiyim futbola nifrət edirəm"
"Neftçi"nin veteran futbolçusu və sabiq məşqçisi Səmədağa Şıxlarov "Futbol plus" qəzetinə müsahibə verib.
Sportfm.az həmin müsahibəni sizə təqdim edir:
- Nə iş görürsüz? Haralardasız?
- Hardayam? Futboldan uzaqda.
- Həndbolda?
- Bəli.
- Neynirsiz orda?
- Futbolda yer olmayanda başqa idman növlərinə getməlisən də. Güləşə, basketbola, boksa. Mən də həndbola gəldim.
- Bu boyda ölkə futbolunda sizə yer tapılmadı?
- Görün bu gün “Neftçi”də kimlər işləyir ki, Səmədağa Şıxlarovu klubdan uzaqlaşdırırlar. Kimləri saxlayırlar, özləri bilər, mənə aidiyyatı yoxdu. Mənim harda olmağım, nə işlə məşğul olmağım heç kimin vecinə deyil. Nə klub rəhbərliyinin, nə də AFFA-da əyləşənlərin. Baş katib Elxan Məmmədovla görüşmək üçün üç dəfə müraciət etdim, qəbul eləmədi.
- Kimə müraciət etmisiz?
- Katibəsinə.
- Niyə qəbul eləmir?
- Yəqin vaxtı yoxdu da.
- “Neftçi” rəhbərliyi ilə necə?
- Onlara heç nə deməmişəm. Kimi işdən çıxarıb, kimi gətirdiklərini özləri yaxşı bilirlər.
- Başqa klublar necə, “Qəbələ”, “Qarabağ”, “Zirə”?
- Heç kimlə danışmamışam. Görünür, üstümüzdən birdəfəlik xətt çəkiblər. Dünyada 70 yaşında məşqçilər işləyir. Mənim 62 yaşım var, qocalmışam, heç kimə lazım deyiləm.
- Həndbola üz tutmağınız necə oldu?
- Federasiyanın prezidenti Saleh Məmmədovla 25 ildi tanışam. Vaxtilə bir yerdə işləmişik. Ona müraciət etdim, sağ olsun, işlə təmin etdi. Nə olsun ki, işləyirəm. Həndbol mənim sahəm deyil axı. Mən burda yadam, yad. Boksdan futbola gələn adam necə olur, ona necə baxırlar? Mən də burda eləyəm. Şükür, həndboldan anlayışım var, müəyyən terminləri, oyun qaydalarını anlayıram. Qaydalar aşağı-yuxarı futboldakı kimidi. Sadəcə, həndbolda özümü futboldakı kimi rahat hiss etmirəm. Ömrümün 50 ilini futbola vermişəm, zarafat deyil.
- Vəzifəniz nədi?
- Menecerəm. İdman şöbəsində otururam. Yarışların keçirilməsinə nəzarət edirəm, təşkilatçılıqla bağlı işlərə baxıram.
- Dolanışıq var, heç olmasa?
- Belə də. Qazandığım pul maşının təmirinə ancaq çatır. “Bu günümüzə şükür” deyib oturmuşam.
- Oğlunuz Almaniyadadı. Madam ki, ölkə futbolunda sizə yer yoxdu, bəlkə yanına gedəsiz?
- Yayda baş çəkməyə getmişdim. Yox e, oralar mənlik deyil. Yaşaya bilmərəm. Oğlumun işi-gücü var, bütün günü məşğul olur. Mən də dil bilmirəm, gedib orda nə edəcəm? Bundan sonra ora getmək gecdi. Oğlum yanında olmağımı istəyir. Onun istəməsi ilə deyil ki. Reallıq var. Burda mənə yer yoxdusa, başqa idman növündə işləməliyəm. Başqalarına da məsləhət görürəm ki, basketbola, voleybola meyil salsınlar. Sizi inandırım, 50 illik ömrümü verdiyim futbola nifrət edirəm. Belə haqsızlıq olmaz. Almaniyada sənədi olan itlərin saxlanılması, qidalanması, müalicə olunması üçün ayda 1500 avro pul verirlər. Amma bizdə mənim kimi futbol adamlarına iş tapılmır. Belə çıxır ki, Almaniyadakı itlər bizdən daha şərəfli, daha hörmətlidi.
- İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayevlə, İsgəndər Cavadovla münasibətiniz necədi?
- Açığı, o sferaya yaxınlaşmıram. Tuayevlə münasibətim yaxşıdı, qonşumdu.
- Bəlkə dərdinizi onlara deyəsiz?
- Yox-yox, elə şeylər mənlik deyil. Guya “Neftçi”dən çıxarılmağımı İsgəndər bilmirdi? Ona maraqlıydısa, zəng vurub soruşardı da, Səmədağa, nə olub, nə məsələdi? Sırtıqlıqla, gözəgirməklə aram yoxdu. Ona görə də çəkilib durmuşam qıraqda. Siz zəng vurmasaydız, guya həndbolda olduğumu kim biləcəkdi? Nə varsa, özümdə saxlayıram. Kiməsə demərəm ki, bunu yaz, belə yaz. Sadəcə, “Futbol+”də çalışanların xətrini çox istəyirəm. Ona görə danışıram. Kazbek Əliyeviç məni görəndə soruşur, maraqlanır. Deyirəm hər şey yaxşıdı, şükür. Yayda “Neftçi”dən çıxanda mətbuat konfransı keçirib, bəzi açıqlamalar vermək istəyirdim. Dost-tanış qoymadı, dedilər səbirli ol. Bu qədər səbr edirəm, xeyri yoxdu. Adamın ürəyi partlayır. Futbol oynamışıq, canımızı qoymuşuq, pis-yaxşı hansısa mənada nəsə eləmişik. Bu cür münasibət nəyə görədi, anlaya bilmirəm.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |