"Qəbir üstünə gedəndə “bir gün bura məni qoyacaqlar” deyirmiş" - Qurbanov danışdı
"Ən böyük arzusu mənim toyumu görmək idi”
İyunun 16-da, 79 yaşında dünyasını dəyişən AFFA-nın ilk prezidenti Fuad Musayev haqda xatirələr çoxdu. Vaxtilə onunla çiyin-çiyinə çalışmış, gün ərzində kabinetinə beş dəfə girib-çıxmış şəxslərlə əlaqə saxlasaq, rəhmətlik haqda saatlarla danışar. Xaraktercə çətin adam olsa da, onun haqda deyiləcək sözlər çoxdu. Amma son vaxtlar özünü necə hiss etdiyini, ölüm ayağında nələr dediyini, Fəxri Xiyabanda yox, Yasamal qəbiristanlığında basdırılmasının səbəbini yaxınlarından, yəni ailə üzvlərindən yaxşı bilən olmaz. Əslində oğlu Tofiq Musayevlə danışmaq niyyətindəydik. Lakin ölkəmizin BMT-dəki daimi nümayəndəsinin müavininin həm şəxsi işləri, həm də vəzifəsiylə bağlı vaxtı məhdud olduğundan, söhbətimiz baş tutmadı. Belədə daim ünsiyyətdə olduğu, ən çox sevdiyi (tanıyanlar belə deyir) nəvəsi Toğrul Qurbanovla (rəhmətliyin qızı Cəmilə xanımın oğludu) həmsöhbət olmağı qərara aldıq.
- Allah rəhmət eləsin, axır qəminiz olsun.
- Çox sağ olun. Allah ölənlərinizə rəhmət eləsin, qalanlara cansağlığı versin.
- Tez-tez danışardıq, hər dəfə də üz-üzə söhbət etmək üçün evinə dəvət edərdi. Heç cür gedib çıxa bilmədim.
- Eləydi. Futboldan saatlarla, bəlkə də günlərlə danışmaqdan doymazdı. Hansı məclisdə otururdusa, mütləq futbol mövzusu olmalıydı.
- Baban Moskvada dünyasını dəyişdi. Bildiyimə görə, həmin vaxt yanında olmusan.
- Bəli. Hamımız ordaydıq – xəstəxanada.
- Hamımız deyəndə, yəni ailə üzvləri?
- Mən özüm Moskvada yaşayıram, işləyirəm. Amma ailəm Bakıda qalır. Moskvaya gətirilən günün ertəsi həm anamgili, həm nənəm (Fuad Musayevin həyat yoldaşı), həm də dayım özünü çatdırdı. Dayım birbaşa Amerikadan gəldi. Gördüm ki, vəziyyəti yaxşı olana oxşamır, zəng vurub hamıya dedim, gəldilər.
- Deyəsən, nə baş verəcəyini hiss etmişdiz.
- Hardasa bilirdik. Həkimlər müsbət diaqnoz qoya bilmirdi.
- Onunla 2-3 ay əvvəl həmsöhbət olanlar hansısa xəstəlikdən əziyyət çəkmədiyini deyir. Hətta 6 ay əvvəl "26-cı dəqiqə” filminin təqdimatında səhhəti qaydasındaydı. Birdən-birə nə oldu?
- Qanında hansısa xəstəlik vardı. Son vaxtlar əziyyət çəkirdi, amma heç kimə demirdi. İstəmirdi narahat olduğunu kimsə bilsin. Ancaq özümüz bilirdik. Müalicə üçün Estoniyaya getmişdi. Orda kimyaterapiya olunmuşdu, iynələr vurulmuşdu. Kimyaterapiyadan sonra vəziyyəti ağırlaşdı. Belə deyim, sonuncu müalicə kursu ona düşmədi.
- Öləcəyini özü, ya siz hiss edirdiz?
- Moskvaya gətirilənə qədər heç kim heç nə bilmirdi. Yəni ciddi mənada nəsə hiss etməmişdik. Hətta özü Estoniyaya gedəndə nikbin idi, müalicə alıb qayıdacağını deyirdi. Dediyim kimi, hər şey bir anda dəyişdi. Moskvaya gətiriləndə də pis deyildi. Tədricən dəyişdi.
- Moskvada neçə gün qaldı?
- Dörd gün qaldı. Birinci gün yaxşı idi, danışırdı, fikrini çatdırırdı. İkinci gün özünü narahat hiss etməyə başladı. Həkimlər iynə-dərmanla ölümün qarşısını almağa çalışsalar da, bacarmadılar. Nə olmuşdusa, Estoniyada olmuşdu.
- Ölüm ayağında nə deyirdi?
- Özündə deyildi, danışa bilmirdi. Yatmış vəziyyətdə rəhmətə getdi. Narahat olmaması üçün sakitləşdirici, ağrıkəsici iynələr vurulurdu. Elə gözləri yumulu vəziyyətdə də dünyasını dəyişdi.
- Moskvaya gəldiyi ilk gün gileylənirdi?
- Qətiyyən, narahat deyildi. Həmişə kimi müəyyən ağrıları olsa da, ciddi deyildi. Əksinə, danışırdı, söhbət edirdi. Birdən-birə dəyişdi.
- Nə planları, arzuları var idi?
- Ən böyük arzusu mənim toyumu görmək idi. Məni görən kimi "nə vaxt evlənirsən, toyunda iştirak etmək istəyirəm” sualını verirdi. Özünüz də bilirsiz, gəzməyi sevən adam idi. Qarşıdan yay gəlir deyə, ailəvi harasa getməyi planlaşdırırdı. Öləcəyini qətiyyən hiss etmirdi. Adətən, insanlar yaşa dolanda ölümün gəldiyini hiss edir, vəsiyyətlər edir, məsləhətlər verir, sirlərini danışır. Babamda belə olmadı. Sakit getdi, heç kimə heç nə demədən. Son günlərə qədər nikbinliyini qoruyurdu.
- Yeri gəlmişkən, müalicəni niyə Azərbaycanda, Almaniyada, Rusiyada yox, məhz Estoniyada alırdı?
- Biz özümüz də bu suala cavab tapa bilmirik. Hər şey ani oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan dostları Estoniyanı məsləhət görürdü. O da onlara inanıb ora getdi. Estoniyada yaxın dostu var idi, babamla o məşğul olurdu. Aparırdı, gətirirdi, yanında olurdu, söhbət edib başını qatırdı ki, darıxmasın. Bir növ bələdçisiydi. Bildiyimə görə, həmin şəxs də vaxtilə Estoniya Futbol Federasiyasında işləyib.
- Rəhmətliyin Fəxri Xiyabanda dəfn olunacağını gözləsək də, əksinə şahidlik etdik. Həqiqətənmi atası Ənvər kişinin yanında basdırılması öz istəyi idi?
- Düzü, Fəxri Xiyabanda basdırılmasını mən özüm də çox istəyirdim. Nə qədər də olmasa, siyasi sahədə çalışıb, ölkə üçün müəyyən əziyyətləri olub, AFFA-nın yaranmasında, Azərbaycan futbolunun dünyaya ayaq açmasında əziyyət çəkib. Bunları nəzərə alıb birmənalı şəkildə Fəxri Xiyabanda dəfn olunacağını düşünürdüm. Amma dayımla, nənəmlə danışandan sonra başa düşdüm ki, valideynlərinin yanında dəfn olunmasını özü istəyib. Belə vəsiyyət edibmiş. Hətta özünə yer də saxlamışdı. Qəbir üstünə gedəndə "bir gün bura məni qoyacaqlar” deyirmiş. Rəhmətə gedənə kimi deyirdim ki, babaya nəsə olsa, tələsiyə düşəcəyik. İndidən işimizi möhkəm tutaq, aidiyyatı orqanlara xəbər verək ki, Fəxri Xiyabanla bağlı problem olmasın. Həmin vaxt nənəm dedi ki, özünə yer saxlayıb, atasının yanında dəfn olunacaq.
- Son vaxtlar futboldan danışırdı?
- Futboldan danışmadığı gün var idi ki?! Filan oyun hansı hesabla başa çatdı, qolları kim vurdu, filan matç saat neçədə başlayacaq – Moskvaya gələndə bu sualları hər gün eşidirdim. İndiyə qədər də qulağımda qalıb səsi.
- Sonuncu dəfə birlikdə nə vaxt stadionda olmusuz?
- Stadiona getməyi xoşlamırdı. Ancaq televizorda baxırdı. Soruşanda deyirdi ki, mənə belə rahatdı, stadionda narahat oluram.
- Hansı komandaya azarkeşlik edirdi?
- "Barselona”nın və İspaniya millisinin qatı fanatıydı.
- Eşitdiyimə görə, vaxtilə özün də futbolçu olmusan.
- Nə vaxtsa, keçmiş illərdə.
- Hətta İslam Kərimovun rəhbərliyi altında U-17-nin şərəfini qorumusan.
- Elədi.
- Sonra nə baş verdi?
- Məktəbi başa vurandan sonra oxumaq üçün Moskvaya yollandım. Beləcə futbol yarımçıq qaldı. Ailə üzvlərim, hətta rəhmətlik də təhsil almağımı istəyirdi.
- Nə üçün futbolçu olmağını istəmirdi?
- Vaxtilə çox istəyirdi, həm də çox. Bəlkə də həyatda ən böyük arzusu idi. Sonra elə bir vəziyyət alındı ki, təhsilə üstünlük verməyimi istədi.
- Bəs özün necə?
- Onda elə yaş dövrü idi ki, böyüklər nə deyirdisə, ona qulaq asırdım. Məsləhətlərini qulaqardına vurmurdum. Açığı, özümün də oxumağa marağım vardı. Seçim qarşısında qaldığım həmin vaxt çətin dövrə düşdü. Böyüklər nə dedilər, onu da elədim.
- Hansı komandalarda oynamısan?
- "Şəfa”da, "Neftçi”də, son olaraq "Olimpik”də. Təbii ki, aşağı yaş qruplarından ibarət komandalarda və əvəzedici heyətdə. Son olaraq, səhv etmirəmsə, 2006-cı ildə "Olimpik”də oynadım. 17 yaşım var idi, sonradan universitetə qəbul olub Moskvaya yollandım. Düzdü, burdan gedəndən sonra da müəyyən səviyyədə oynayırdım. Sonradan diqqətimi təhsilə ayırdım, həm də zədələndim. İndi hərdən dostlarla həvəskar səviyyədə oynayırıq.
- İndi az-çox tanınanlardan kimlərlə komanda yoldaşı olmusan?
- "Şəfa”da Maksim Medvedev, Rauf Əliyev, Ruslan Abışov ilə komanda yoldaşı idik. Vaqif Cavadovla eyni komandanın şərəfini qorumasam da, rəqib kimi bir-birimizə qarşı oynamışıq.
- İndi onlardan kimlərlə əlaqən var?
- Düzünü desəm, heç biriylə. Moskvaya gedəndən sonra orda qaldım, Bakıyla əlaqəm olmadı. Ona görə də yoldaşlığımız o illərdə qaldı.
- Hansı universiteti bitirmisən?
- Hamının bildiyi dillə desəm, MQİMO (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu). Hüquq fakultəsində təhsil almışam.
- İndi nə işlə məşğulsan?
- Təhsil aldığım sahə üzrə Moskvada işləyirəm. Beynəlxalq hüquq şirkəti var orda.
HƏBİB, Futbol + qəzeti
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Millimizin Avropa çempionatındakı potensial rəqibləri 28.03.2024, 13:17
Azərbaycan millisi “Qalatasaray”ı uddu - Yoxlama görüşü 28.03.2024, 12:38
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |