Koronavirusun futbola təsiri də qaçılmaz oldu. Avropanın, demək olar ki, bütün çempionatları, avrokubok turnirləri, eyni zamanda dünyanın vacib yarışları bu səbəbdən dayandırıldı və ya təxirə salındı. Lakin artıq Avropa futbolu özünə gəlməyə başlayır.

Sportfm.az xəbər verir ki, geridə qoyduğumuz həftə Almaniya bundesliqası bərpa edildi. İtaliyada, İspaniyada, Türkiyədə məşqlərə start verilib, çempionatın bərpa tarixi müəyyənləşib. 

Bir çox ölkələrdə isə çempionatların başlama vaxtı ilə bağlı fəal müzakirələr aparılır. Digər tərəfdən, çempionatın bərpasından imtina edib, vaxtından tez yekunlaşdıran ölkələr də var. İndiyədək Niderland, Fransa, Belçika, Cənubi Kipr və Şotlandiya çempionatlarının vaxtından tez yekunlaşdığı açıqlanıb.

Başqa bir tərəfdə isə idmanın, futbolun bir növ yada düşmədiyi ölkəmiz var. İndiyədək nə Operativ Qərargahın iclaslarında, nə də digər rəsmi dairələrdə futbolun bərpası ilə bağlı müzakirələr, danışıqlar aparılıb. Sadəcə, bir neçə dəfə Operativ Qərargahın iclasında bu barədə soruşulub, onda da dəqiq vaxt, yaxud qərar öyrənmək mümkün olmayıb. Koronavirusun Azərbaycandan daha çox təsir etdiyi ölkələrdə futbolla bağlı qərarlar verildiyi, çempionatlar bərpa olunduğu halda, bizdəki bu səssizlik təəssüf doğurur. Eyni zamanda maraqlıdı ki, bu prosesin yubanmasının səbəbi nədi?
Qeyd olunanları nəzərə alıb, millət vəkillərinə üz tutduq. Çempionatın mümkün bərpası, taleyi ilə bağlı nələr düşündüklərini öyrənmək üçün. Özü də futbolla yaxından maraqlanan şəxslərə tribuna verməyi məqsədəuyğun saydıq.
Aqil Abbas çempionatın tezliklə bərpa olunmasını istədiyini bildirdi: “Mən hələ Avropada futbol, məşqlər başlamamış sözümü demişəm. Azərbaycanda ilk növbədə məşqlər başlamalıydı. Futbol elə bir şeydi ki, bir az dayananda futbolçular formadan düşür. Almaniyada futbol başlayır, İspaniyada, İtaliyada başlayacaq, mən də istəyərəm ki, Azərbaycanda da başlasın. Burda, sadəcə, azarkeş məsələsi var. Başlayan çempionatlar azarkeşsiz keçirilir. Amma Azərbaycanda, ümumiyyətlə, azarkeş var ki? Var, 300-500 nəfər. O 300-500 nəfərin hər birinə tribunada 2 metr sosial məsafə yaradılsa, kiçik stadion belə dolar. Ona görə də futbol başlamalıdı. İlk növbədə futbolçular testdən keçməlidilər ki, görək sağlamdılarmı? Həm də futbolçular cavan, sağlam adamlardı, mən yaşda deyillər ki. Futbol başlamalıdı, əvvəlcə məşqlər, sonra oyunlar”.

Fazil Mustafa da çempionatın bərpa olunması ehtimalını yüksək dəyərləndirdi: “Bu məsələdə dünya futboluna baxmaq lazımdı. Onlarda başlayıbsa, deməli, bizdə də bununla bağlı işlər görülməlidi. İlk növbədə Operativ Qərargah öz tövsiyələrini verməlidi. Çünki təhlükə riskini onlar daha çox bilir. Ümid edək ki, onların tövsiyəsi ilə bu məsələ həllini tapacaq. Məsələnin həll yolu ancaq riskə getməməkdən keçir. Onsuz da oyunlar azarkeşsiz keçirilə bilər, bizdə də azarkeş problemi var. Məncə, iyundan bizdə də futbolu bərpa etmək olar. Operativ Qərargahın iclaslarında hər sahəyə aid məsələlər müzakirə olunur. Çox güman, yaxın günlərdə futbola da aydınlıq gətiriləcək”.  ("Futbol plus" qəzeti)