"Millimiz yenə uduzdu" - jurnalist fəaliyyəti ilə məşğul olduğum illər ərzində bu ən çox yazdığım cümlələrdən biri olub. Dünən gecə bu cümləni yenə yazmalı oldum, məcbur etdilər. Bir-birini didən mediamız Uelslə oyunda meydana çıxan futbolçularımızdan, Bakıda "raskoşnu" həyat yaşayan Nikola Yurçeviçdən, qalstuklu AFFA rəsmilərindən, 2-3 gün yazıb yenə sakitləşəcək. AFFA-nın qara görünməz şüşələrinin arxasında, rahat dəri kreslolara söykənib, "inkişaf" planları cızanlar isə heç nə olmayıbmış kimi işlərinə davam edəcəklər.
Zaman keçdikçə təkcə futbolumuzdan deyil, tribunalardan iyrənən azarkeşlər də artıq stadionlara gəlmir. AFFA-da oturanlar istəklərinə çatıb. Azərbaycanı futbol xəritəsindən silmək üçün bütün işlər görülüb - media parçalanıb, bölgələr futboldan uzaq qalıb, klublar bir ələ baxır, uşaq futbolu məhv edilib, ənənələrin üstündən xətt çəkilib, veteranlar pulla susdurulub, danışanlar ac qalıb.
Milyonlar havaya sovrulur, inkişaf adı ilə pullar silinir, meydana buraxmağa isə 11 nəfər futbolçumuz yoxdur. Ölkənin ən yaxşıları ardıcıl iki ötürmə verə bilmir. Lazımsız legionerlər klublarımızda at oynadır. Digərlərinin üzərindən xətt çəkdiyi oyunçulara Azərbaycan forması geyindirilir. Futbolumuz gözümüzün qabağında can verir, uşaqlarımız sintetikanın üzərində zəhərlənir, stadionlarımız dağılır.
İllərdir Naxçıvan, Lənkaran, Gəncə, Zaqatala, Tovuz, Masallı, Şəmkir və s. futbol adlı yalançı havanı udurlar. Sarı torpaqlı Bakıya sığınan Azərbaycan futbolu bu gedişlə yox olacaq. Kimlərsə ciblərini daha çox doldurmaq üçün hər şeyi qurban verməyə hazırdı.
Yığmamız yenə uduzdu. Bu dəfə Uels Bakıda dərsimizi verdi. Qazancın yolunu tapan AFFA rəhbərliyi stadionun yarıdan çoxunu dolduran qonaq azarkeşlərə əla bayram yaşatdı. Yurçeviç də Bakını sevir, ailəsinin də burdan xoşu gəlir. Xorvat deyir qalmaq istəyirəm. Bizim üçün nə fərqi var, qalsın da. Qal Nikola, qal, AFFA-da oturanlarla əl-ələ verib bizi inkişafa doğru apar...
Araz Əhmədov