"Bildirdi ki, sabah pul mafiyaya çatmasa, ev də, verdiyimiz məbləğ də əldən gedəcək"
Vaxtilə Azərbaycan yığmasının şərəfini qorumuş Ramal Hüseynovla müsahibənin davamı...(əvvəli http://sportfm.az/xeberler/futbol/14813-ramal.html)
- Ramal, Azərbaycanda bir çox klublarda çıxış etmisən. Onların içərisində sənin ürəyinə daha yaxın olanı hansıdı?
- Birmənalı şəkildə "Turan". Naci Şensoy çox yaxşı komanda formalaşdırmışdı. Klubu, azarkeşlərini, şəhəri çox sevirdim.
- Türkiyəli mütəxəssisdə bizim məşqçilərdə olmayan nə vardı?
- Şensoy hoca hər şeydən öncə böyük Turancıdır. O komandanın adına görə Azərbaycandan edilən dəvəti qəbul etdi. Məşqçi güclü psixoloq olmalıdı, futbolçunun "beyninə girə bilməlidi". O bizləri hər matça başqa cür motivasiya edirdi. Onun danışması bizə müsbət yöndə təsir göstərirdi. Nizam-intizam isə öz yerində. Yığmaların oyunundan gəlirdim, yorğun olurdum, Naci hoca elə şeylər deyirdi ki, yorğunluq yaddan çıxırdı.
- Tovuz təmsilçisində çıxış etdiyin dönəmdə bolqarıstanlı Asen Nikolovun sənin külli miqdarda pulunu "atdığı" deyilirdi.
- Asen yaxşı futbolçu idi, insan kimi də pis deyildi. "Turan"da oynadığı vaxt Bolqarıstanda mənzil almışdı. Tovuza gələndə mənə bildirdi ki, ona mənzilin pulunu ödəməsi üçün 3 gün vaxt verilib. Əgər borcunu vaxtında ödəməsə, verdiyi pul da, ev də "batır".
- Deyəsən Asen mənzili çox qəribə şərtlərlə alıbmış.
- Deməyindən belə çıxdı ki, Bolqarıstanda mənzil satışlarına mafiya nəzarət edir.
- Səndən pulu necə aldı?
- Biz klubun bazasında yemək yeyirdik. Buna zəng gəldi, həyat yoldaşı idi, ağlayırdı. Bildirdi ki, sabah pul mafiyaya çatmasa, ev də, verdiyimiz məbləğ də əldən gedəcək. Mənimdə həmin vaxt "Turan"la müqaviləm bitmişdi. Yeni təklif gözləyirdim. Baxdım ki, durumu çıxılmazdı. Ona 100 min dollar borc pul verdim. Onu və ailəsini incitməsinlər deyə, bunu etdim. Niyyətim ona kömək etmək idi.
- Sonradan borcunu qaytardımı? Bildiyimə görə, pulu götürüb Bolqarıstana getdikdən sonra Asen telefonlara cavab verməyib.
- Belə bir şeylər oldu. Zəng vurduq, cavab vermədi. Sonra qaçmağa başladı, gizləndi. Bir müddət ortalardan itdi. Peyda olandan sonra isə "Qəbələ"yə gəldi, həmin vaxt gətirib borcunun 5 min dollarını qaytardı. Dedi qalanını yavaş-yavaş verəcəm. Klubdan istədim, vermədilər. Pul batdı.
- Bu hadisədən bir müddət sonra karyeranda uğursuz "Neftçi" dönəmi oldu.
- Mən ora gedəndə çuxura düşdüyümü bilirdim. Hiss etmişdim ki, orda mənə qarşı haqsızlıqlar olacaq. Bir tərəfdən inanmırdım, digər tərəfdən eşitdiklərim məni şok edirdi. Komandada iki yaxın dostum oynayırdı. Onlar elə şeylər etdilər ki...Mən karyeramda görmədiyim hadisələri "Neftçi"də yaşadım.
- Səni komandaya Vlastimil Petrjela dəvət etmişdi. Onu durumdan xəbərdar etmədin?
- Mən elə çexiyalı mütəxəssisə görə "Neftçi"nin dəvətini qəbul etmişdim. Təəssüflər olsun ki, müqaviləyə imza atdıqdan sonra Petrjela ilə yollar ayrıldı. Kluba Anatoli Demyanenko rəhbərlik etməyə başladı. Ona isə demişdilər ki, Ramal məşqçi ilə dalaşır, heç kimlə yola getmir. Bunları Demyanenko özü mənə dedi. "İnter"lə kubok matçından sonra yaxınlaşıb üzr istədi, heyətdə şans verməməklə səhv etdiyini etiraf etdi. Adlarını çəkməyəcəm, bu müsahibəni oxuyanda özləri biləcək söhbət kimdən gedir.
- "Neftçi"dən müqavilə ilə sənə çatacaq pulu ala bildin?
- Tam olmasa da, aldım.
- Bəs, 21 yaşlıların heyətində çıxış etdiyin zaman pulunu ala bilmədiyin üçün Fuad Musayevə etiraz etdiyin doğrudur?
- Mən təkcə özümə görə yox, komandanın bütün üzvlərinə görə etiraz etdim. Bu hadisə Bolqarıstandakı turnirdə olub. Oyunu udmuşduq. Biz millidə pula görə oynamırdıq, sadəcə, ortada verilən bir vəd vardı. Mən bəziləri kimi tapşırıqla ora düşməmişdim ki, sözümü deyə bilməyim.
- Və birdən-birə Ramal gözdən itdi, Qara Dəniz sahillərində peyda oldu. Buna səbəb nə idi?
- Türkiyədən çoxlu dəvətlər vardı. Gördüm burda mənə yer yoxdur, getməyə qərar verdim.
- Burda sənə yer olmadığını necə hiss etdin?
- Fuad Musayevi tərifləyən yox idi, ancaq onun vaxtında ölkə çempionatının güclülər dəstəsində 16 komanda çıxış edirdi. Onun dövründə çıxan oyunçular hələ də futbol oynayır. İndi 8 komanda var, futbolçu isə yetişmir. Öz-özünə oyunçu yetişə bilməz. 5-6 komandaya AFFA özü baxır. Kim istəyir kubok alır, kim istəyir çempion olur. Bəyəm biz bunları bilmirik?! Belə yerdə oynamaqdansa, Türkiyənin aşağı liqalarında çıxış edərəm.
- Amma vaxtilə Türkiyə Super Liqasında çıxış edən "Kocaelispor"u tərk edərək vətənə dönmüşdün?
- Məni ora dəvət edən məşqçi bir müddət sonra postunu tərk etdi. Komandanın maliyyə problemi də vardı. Maaşlar gecikirdi. Ona görə Sumqayıt "Standard"ından gələn təklifə müsbət cavab verdim.
- Ramal, bəzi mənbələrdə sənin doğum yerin Türkiyənin Hayrabolu qəsəbəsi(Tekirdağ ili - A.Ə) kimi göstərilib. Bu doğurdan belədir?
- Türkiyədə hamı məndən bunu soruşur(gülür). Bu belə deyil. Mən Göyçə mahalında dünyaya gəlmişəm. Amma nədənsə mənim adımla bağlı Vikipediya səhifəsində doğum yerim həmin yer göstərilib. Görünür o vaxt onu kim yaradıbsa, səhv edib.
- Doğum yerinin yanlış yazılması ilə bağlı hər hansı problem yaşamamısan?
- Problem yox, ancaq başıma gülməli hadisə gəlib. Türkiyədə olanda komanda yoldaşlarımdan biri mənə yaxınlaşıb soruşdu ki, "Tekirdağlımısın?"(gülür). İzah etdim ki, vaxtilə səhv olub. O da həmin bölgədən idi. İnternetdə mənim adımı axtaranda rast gəlmişdi.
- Dönüb arxaya baxanda nələri görmək, nələri görməmək istərdin?
- Uşaq yaşlarından millidə çıxış etdiyim dövrə birdə qayıtmaq istərdim. O zaman bəzən eşidirdim ki, Fuad Musayev Ramalla yaxındır, o getdisə, Ramalı futboldan silək. Daha demirlər ki, Musayev mənim qaş-gözümə aşiq olmamışdı, futbolçu idim, milliyə xeyir verirdim. Ona buna yaltaqlanmaq isə mənim xarakterimə ziddir. İndi xaricdə çıxış edə biləcək bir futbolçumuz belə yoxdur. O çirkinləri görmək istəməzdim.
Söhbətləşdi: Araz Əhmədov
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |