İrandan futzalçı yox, mərsiyaxan gətirin! - Hava limanında qalanlar
Ümid edirəm ki, macarlar da növbəti seçmə oyunda bəhreynlilərin srağagün yol verdiyi axmaq səhvləri təkrarlayacaq, bizimkilər üç də olmasa, bir-iki qol vurub vətənə alnıaçıq-üzüağ qayıdacaqlar, bütün ölkə şad-xürrəm “Qarabağ”ın APOEL-ə qarşı avrokubok oyununun həyəcanı ilə yaşayacaq. Ay tövbə, axmaq səhv deyərkən gündəlik həyatımızın az qala ayrılmaz atributuna çevrilən ərəb qardaşlarımızın qəsdən qol buraxmasını və ya dinimizin buyruğunun ziddinə gedərək, pul qoyuluşu kimi haram əməllərə al atmasını nəzərdə tutmuram. Sadəcə, elə gözəl kombinasiyalar nəticəsində qapımıza yol tapan bir komandanın belə sadəlövh qollar buraxması nonsensdi, təzaddı, adamı istər-istəməz səksəkəyə salır ki, gəlin bunu da futbolun görünməz tanrısının fantaziyalarının ayağına yazıb, başqa məsələlərə toxunaq. Qanqaraçılığı salmaq, ayrı-ayrı hadisələr arasında səbəb-nəticə əlaqələri axtarmaq istəməsəm də, ölkəmizin U-21 yığmasının üzvü Tural Bayramlının Şarl de Qoll (ruhuna əyan olsun, Əhmədiyyə Cəbrayılov!) adına hava limanının təcridxanasında saxlanılması ilə “Araz”ın iranlı legionerlərinə Belçika səfəri üçün viza verilməməsi arasında mistik bir əlaqə görürəm. Nə yazıq ki iki komandmız da uğursuzluğa düçar oldu, rüsvayçılıq yaşadı. Fransızlar U-21-i vətənə 5 cavabsız topla göndərdi, “Araz” isə iki oyuna 12 top buraxmaqla elə iki turdan sonra qrupdan çıxmaq şansını itirdi. Arzuolunmaz nəticələr öz yerində, biz bunlara öyrəncəliyik. Yəni nə Zaur Axundov kimi iş bacarmayan birisinin nəzarətində olan “Araz”dan, nə də ölkə futbolunun səviyyəsinin aynası olan U-21-dən uğur gözləməyə dəyərdi. Amma bu sənəd məsələləri, daha doğrusu, eyni gündə iki komandanın aparıcı oyunçularının xidmətindən məhrum olması adamı bir qədər düşünməyə məcbur edir. Hələ ki AFFA rəhbərliyi səviyyəsində son eybəcərliyə hansısa ağıllı izahat verilməyib. Zaur Axundovla Joze Alesio da Silvanın açıqlamalarını, dünən də AFFA-nın saytında yer alan, Turalın vətənə dönüşü ilə bağlı xəbəri oxudum. Heç bir yerdə günahkarların adı, belə biabırçılığa görə kimin məsuliyyət daşıdığı açıqlanmır. Alesio “təbii ki, bundan itirən futzal olacaq” deməklə lap şairlər kimi danışıb. Mən ölüm, get başqa yerdə oyna. Onsuz da özümüzdə şair-yazıçı çoxdu, bircə elə braziliyalı ədibimiz əskik idi... Çox güman, Elxan Məmmədov və başının dəstəsi Bəhreyn və Macarıstan səfərlərinin yorğunluğunu üzərindən atan kimi hansısa məntiqli cümlələr axtarıb tapacaq, futbolçuların-futzalçıların sənədlərinin vaxtında qaydaya salınmamasına görə məsuliyyət daşıyan, az qala beynəlxalq qalmaqala səbəbkar olan AFFA rəsmilərinin adlarını açıqlayacaqlar ki, biz də buna görə onlara təşəkkür edəcəyik. Mənə elə gəlir ki, kimlərsə məsuliyyətsizliyə yol veriblər və bunun cəzasını hava limanı məhbusu Tural, eləcə də məhbus həyatından da ağır əziyyət görən “Araz” çəkdi. “Araz”ın indiki dürumu həm də ölkədə görüntü xatirinə üç futzal liqasının yaradıldığını, amma işin əslində çempionatda heç bir gərgin mübarizənin getmədiyini göstərən əyani sübutdu. Faktdı, gerçəklidi, acıdı, amma bu da bir həqiqətdi ki, artıq futzalımız da böyük qardaşı kimi yerlərdə sürünür, ayaqlar altında qalıb, sadəcə, ağlayanı yoxdu. Məncə, Zaur Axundovla Alesio İrandan futzalçı əvəzinə üç-dörd səviyyəli mərsiyəxan gətirsəydilər, daha yaxşı olardı. Onlar bizi ağladardı, biz onların səsinə səs verərdik və şimal-cənub həsrətini də miskin günə düşən futzalımızın gözünə qatardıq. Braziliyalılardan imtina edib, iranlılara bel bağlayan futzalımızın... Zaur Axundovla Alesionun şərikli eksperimentlərinin qurbanı olan futzalımızın... Hamımıza keçmiş olsun...
"Futbol+"
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |